Bakı.Trend:
Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.
Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
"Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir", - deyə o bildirib.
Daha sonra Lavrov qeyd edib ki, tərəflər Rusiya, Azərbaycan və İranın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun logistika potensialının reallaşdırılması istiqamətində birgə fəaliyyətini də müzakirə ediblər.
"2024-cü ilin dekabrında Moskvada bu marşrut üzrə tranzit yükdaşımalarının artırılmasına dair Rusiya-Azərbaycan hökumətlərarası sazişinin imzalanmasından sonra onun icrası davam edir", - deyə Lavrov bildirib.
Rusiya XİN başçısı xatırladıb ki, iyulun 9-da sərhədyanı Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə ikitərəfli komissiyanın 29-cu iclası keçirilib.
"Tərəflər bu layihənin icrasından və əldə olunmuş razılaşmaların yerinə yetirilməsindən məmnundur", - deyə o əlavə edib.