Bakı.Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iriqabaritli yük avtomobillərinin törətdiyi qəzaların görüntülərini yayıb.
AAYDA tərəfindən yayımlanan görüntülərdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin xüsusi qaydalarla tənzimləndiyi vurğulanıb.
Bildirilib ki, bu qaydaların əsas məqsədi digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, eyni zamanda körpüləri, yol ötürücülərini və digər yol infrastrukturu elementlərini qorumaqdır.
Qeyd edilib ki, belə nəqliyyat vasitələri yalnız xüsusi icazə sənədi əsasında, əvvəlcədən müəyyən edilmiş marşrut üzrə və zəruri hallarda Avtomobil Yollarının Mühafizə Xidmətinin xüsusi müşayiəti ilə hərəkət etməlidir.
Agentlik sürücüləri müəyyən olunmuş tələblərə ciddi əməl etməyə çağıraraq, qaydaların pozulmasının ağır yol-nəqliyyat hadisələrinə və yol infrastrukturuna ciddi zərər vurmasına səbəb ola biləcəyini xatırladıb.