Bakı.Trend:
2026-cı ilin birinci yarımilində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 82 cinayət işi başlanıb, 54 iş məhkəməyə göndərilib.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Məlumata görə, hesabat dövründə cinayət xarakterli 98 materiala baxılıb, onların 82-si və ya 84 faizi üzrə cinayət işi başlanıb.
Həmçinin əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 nəfər cinayət başında yaxalanıb, axtarışda olan 2 şəxs isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunub ki, Baş İdarənin İstintaq idarəsi tərəfindən 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bunlardan 102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib.
Məhkəməyə göndərilən işlərdən 18-i az ağır, 31-i ağır, 5-i isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Həmin cinayət işlərinin 25-i çoxepizodlu və mürəkkəb xarakter daşıyıb.