Qusar. Trend:
Müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir.
Trend-in Qusara ezam olunmuş müxbiri xəbər verir ki, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sürətlə inkişaf edən informasiya cəmiyyətində media artıq yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, insanların dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərən mühüm sosial institutdur.
“Dini mövzulara yanaşmada medianın peşəkarlığı və savadlılığı xüsusi əhəmiyyət daşıyır. Bu gün müzakirə etdiyimiz mövzu da məhz bu baxımdan olduqca aktualdır”, – deyə o qeyd edib.
Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan dövləti din sahəsində prinsipial və ardıcıl siyasət həyata keçirir.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası hər bir vətəndaşa vicdan və dini etiqad azadlığı hüququ verir və bu, dövlətin əsas hüquqi-siyasi prinsiplərindən biri olmaqla yanaşı, cəmiyyətin mənəvi sabitliyinə və harmoniyasına xidmət edir.
O qeyd edib ki, ölkədə din və media münasibətləri “Dini etiqad azadlığı haqqında” və “Media haqqında” qanunlarla tənzimlənir.
“Azərbaycanda din dövlətdən ayrıdır. Bununla yanaşı, dövlət bu sahəni daim diqqətdə saxlayır. Çünki din təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərə ciddi təsir göstərən sahədir. Buna görə də dini sabitlik və aşkarlıq həm hüquqi mexanizmlərlə, həm də informasiya vasitələri ilə qorunur”, – deyə o bildirib.
AZƏRTAC rəsmisi diqqətə çatdırıb ki, informasiya məkanı sürətlə dəyişir və sosial medianın inkişafı ilə informasiyanın yayılması xeyli asanlaşsa da, bu prosesə nəzarət imkanları da məhdudlaşıb.
“Belə bir şəraitdə dini sabitliyin qorunması məsələsi daha da aktuallaşır. Medianın vəzifəsi yalnız məlumat yaymaq deyil, həm də maarifləndirmə aparmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və cəmiyyətdə dini dözümlülüyü təşviq etməkdir”, – deyə o vurğulayıb.
Dağbəyi İsmayılov bildirib ki, dini sabitliyin əsas dayaqlarından biri dini savadlılıq və maarifləndirmədir.
“Gənclərə doğru və etibarlı dini biliklərin çatdırılması medianın mühüm vəzifələrindəndir. Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası bu cür hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, dini sabitlik təkcə müxtəlif dini icmalar arasında qarşıdurmanın olmaması demək deyil.
“Dini sabitlik cəmiyyətdə qarşılıqlı hörmətin, vicdan azadlığının, dini müxtəlifliyə dözümlü münasibətin və qanunun aliliyinin təmin olunduğu sağlam ictimai mühitdir. Belə bir şəraitdə hər bir insan öz dini etiqadını sərbəst ifadə edir, eyni zamanda başqalarının inancına hörmətlə yanaşır. Bu isə həm cəmiyyətin mənəvi bütövlüyünün, həm də milli təhlükəsizliyin mühüm şərtlərindən biridir”, – deyə o bildirib.
Dağbəyi İsmayılov vurğulayıb ki, dini sabitliyin qorunması yalnız dövlət qurumlarının və dini icmaların deyil, həm də medianın, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və hər bir məsuliyyətli vətəndaşın ortaq vəzifəsidir.
“Media bu prosesdə xüsusi rol oynayır. Çünki cəmiyyətin dini məsələlərə münasibəti əsasən informasiya məkanında formalaşır. Dəqiq, qərəzsiz və peşəkar təqdim olunan informasiya ictimai etimadı möhkəmləndirir, yanlış təsəvvürlərin və radikal çağırışların qarşısını alır. Əksinə, yoxlanılmamış məlumatlar, manipulyativ təqdimatlar və dini həssaslıq tələb edən məsələlərə səthi yanaşma cəmiyyətdə gərginlik yarada və dini sabitliyə xələl gətirə bilər”, – deyə o əlavə edib.
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini bildirib ki, agentlik fəaliyyətini daim peşəkarlıq, operativlik, obyektivlik və etibarlılıq prinsipləri əsasında qurub.
“AZƏRTAC dövlət informasiya agentliyi kimi bundan sonra da dini mövzuların işıqlandırılmasında dəqiq və balanslı informasiyanın təqdim olunmasına, sağlam informasiya mühitinin formalaşdırılmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə və ölkəmizdə dini həmrəyliyin möhkəmləndirilməsinə öz töhfəsini verməyə davam edəcək”, – deyə o vurğulayıb.
Sonda Dağbəyi İsmayılov əminliyini ifadə edib ki, konfrans çərçivəsində səsləndirilən fikir və təkliflər media ilə dini qurumlar arasında əməkdaşlığın daha da güclənməsinə, bu sahədə peşəkar yanaşmaların inkişafına və Azərbaycanda dini sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.