Bakı.Trend:
Azərbaycan BMT-nin rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə 2025-ci il qlobal sorğusunda dünya üzrə 4-cü, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda isə 1-ci yeri tutub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı deyib.
N.Şirinov qeyd edib ki, bu nəticə “Bir pəncərə” prinsipi və xarici ticarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilir.
“BMT-nin 2025-ci il rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal sorğusunun nəticələrinə əsasən, Azərbaycan 8 indikator üzrə orta hesabla 94,57 faiz göstərici ilə dünya sıralamasında 4-cü, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda isə 1-ci yeri tutub. 2023-cü ildə bu göstərici 86,05 faiz idi və ölkəmiz 9-cu sırada qərarlaşmışdı”, - deyə o bildirib.
Natiq Şirinov qeyd edib ki, hazırda “Bir pəncərə” layihəsinin ikinci mərhələsinə başlanılıb.
“Bu mərhələdə qısa idxal bəyannaməsinin və tranzit gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sistemi ilə tam inteqrasiyası həyata keçirilir. Bunun nəticəsində idxal və tranzit əməliyyatları üzrə məlumatların vahid platforma üzərindən qəbulu, emalı və dövlət qurumları arasında elektron mübadiləsi təmin ediləcək, məlumatların təkrar təqdim olunması aradan qaldırılacaq və gömrük rəsmiləşdirilməsi daha sürətli həyata keçiriləcək”, - deyə sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, layihənin ilk mərhələsi artıq uğurla başa çatdırılıb.
“Birinci mərhələ üzrə nəzərdə tutulan 154 funksional və texniki tapşırığın hamısı icra edilib. 4 may 2026-cı il tarixində “Bir pəncərə” informasiya sistemi vasitəsilə təqdim edilmiş ilk ixrac gömrük bəyannaməsi uğurla qəbul olunub, avtomatlaşdırılmış emaldan keçərək təsdiqlənib və malların buraxılışı həyata keçirilib”, - deyə Natiq Şirinov bildirib.
O əlavə edib ki, layihənin növbəti mərhələsində idxal gömrük bəyannamələri, eləcə də digər gömrük prosedurlarına aid sənədlər də sistemə inteqrasiya olunacaq.
“Bu yanaşma sahibkarların müxtəlif dövlət qurumlarına ayrıca müraciət etməsi zərurətini minimuma endirəcək, məlumatların bir dəfə təqdim olunması prinsipini təmin edəcək və xarici ticarət əməliyyatlarının tam rəqəmsal mühitdə həyata keçirilməsinə imkan yaradacaq”, - deyə Dövlət Gömrük Komitəsi sədrinin müavini qeyd edib.