Bakı.Trend:
“Bir pəncərə” platforması Azərbaycanın logistika xərclərini azaldacaq və rəqabət üstünlüyünü gücləndirəcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı deyib.
“Yeni rəqəmsal platforma həm dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, həm də ölkənin beynəlxalq logistika reytinqlərində mövqeyinin yaxşılaşmasına və nəqliyyat-logistika sahəsində rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verəcək.
Bu platforma xərcləri aşağı salacaq və vaxta qənaət edəcək. İnkişaf etmiş ölkələrdə logistika xərcləri ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir, inkişaf etməkdə olan ölkələrdə bu göstərici 10-20 faiz, dənizə çıxışı olmayan ölkələrdə isə bəzi hallarda 30 faizdən də yuxarıdır. Bu xərclərin azalması Azərbaycanın nəqliyyat-logistika sahəsində rəqabət üstünlüyünü gücləndirəcək və ölkənin regional logistika qovşağına çevrilməsi siyasətinə xidmət edəcək”, - deyə o bildirib.
V.Qasımlının sözlərinə görə, platforma məlumatların vahid mərkəzdə toplanmasını və dövlət idarəçiliyində data əsaslı qərar qəbuletməni təmin edəcək.
“Biz məlumatları bir hovuzda toplayırıq və aidiyyəti qurumlar həmin məlumatlardan istifadə edir. Datanın emalı əsasında data əsaslı qərarlar qəbul olunur. Bu isə dövlət idarəetməsinin səmərəliliyini artıran çox vacib amildir”, - deyə o qeyd edib.
İcraçı direktor bildirib ki, yeni sistem Azərbaycanın Dünya Bankının Logistika Performans İndeksində mövqeyinin yüksəlməsinə də imkan yaradacaq.
“Artıq bunun üçün bütün şəraiti yaratmışıq. Bu platforma gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tərəfdaş ölkələrlə əməkdaşlığın genişlənməsinə töhfə verəcək və Azərbaycanın Dünya Bankının Logistika Performans İndeksində yüksək mövqelərdə qərarlaşmasına şərait yaradacaq”, - deyə Vüsal Qasımlı vurğulayıb.