Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə “Mərkəzi və Qərbi Asiyada inklüziv və dayanıqlı artım üçün rəqəmsal transformasiya” layihəsini nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə AİB-in rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub.
Bildirilib ki, layihə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edəcək. Bankın məlumatına görə, təşəbbüsün maliyyələşdirilməsi 1 milyon ABŞ dolları məbləğində Texniki Yardım üzrə Xüsusi Fond hesabına həyata keçiriləcək.
AİB qeyd edib ki, layihənin əsas məqsədi Mərkəzi və Qərbi Asiya ölkələrində dayanıqlı iqtisadi artımı təmin etmək, iqtisadiyyatların davamlılığını artırmaq və regional inteqrasiyanı inkişaf etdirmək məqsədilə rəqəmsal transformasiyaya dəstək verməkdir.
Layihə çərçivəsində rəqəmsal transformasiya, rəqəmsal və məlumat infrastrukturlarının inkişafı, genişzolaqlı internet, elektron hökumət, rəqəmsal bacarıqlar, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahələrində analitik araşdırmaların aparılması və tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Bundan əlavə, təşəbbüs rəqəmsal ictimai infrastrukturun təkmilləşdirilməsinə, o cümlədən rəqəmsal identifikasiya, rəqəmsal ödənişlər və təhlükəsiz məlumat mübadiləsi sistemlərinin inkişafına dəstək göstərəcək.
Bank həmçinin ölkələrin Milli Məkan Məlumatları İnfrastrukturunun (NSDI) inkişaf ehtiyaclarının qiymətləndirilməsini və süni intellekt də daxil olmaqla yeni texnologiyaların tətbiq imkanlarının araşdırılmasını planlaşdırır.
AİB-in məlumatına görə, Mərkəzi və Qərbi Asiya ölkələri rəqəmsal transformasiya strategiyalarını fəal şəkildə həyata keçirsələr də, bu proses rəqəmsal infrastrukturun kifayət qədər inkişaf etməməsi, informasiya sistemlərinin uyğunluğundakı məhdudiyyətlər, normativ bazadakı boşluqlar və müasir rəqəmsal xidmətlərin tətbiqi üçün institusional hazırlığın yetərli olmaması kimi amillərlə ləngiyir.
Bank vurğulayıb ki, region ölkələrinin rəqəmsallaşma sahəsində dəstəyə ehtiyacı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Dövlətlər artıq yalnız maliyyələşdirmə deyil, həmçinin ilkin araşdırmaların aparılması, dövlət siyasətinin hazırlanması, institusional potensialın gücləndirilməsi və investisiya təşəbbüslərinin formalaşdırılması ilə də maraqlanırlar.
Gözlənilir ki, layihə genişzolaqlı rabitənin, rəqəmsal infrastrukturun, milli məkan məlumatları infrastrukturunun və rəqəmsal ictimai xidmətlərin inkişafı üzrə gələcək investisiyaların hazırlanmasına töhfə verəcək.
AİB bildirib ki, təşəbbüs həmçinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) və “Asiya-Sakit Okean Rəqəmsal Magistralı” layihəsi çərçivəsində regional əməkdaşlığın inkişafına xidmət edəcək.
Qeyd edək ki, daha əvvəl Trend-ə müsahibəsində AİB-in baş investisiya mütəxəssisi Əli Malik bildirib ki, bank Azərbaycanla maliyyə sektoru üzrə də əməkdaşlıq edir və bu istiqamətin gələcəkdə daha da inkişafında maraqlıdır.
Onun sözlərinə görə, AİB xüsusilə bərpa olunan enerji və tullantı sularının təmizlənməsi sahələrində özəl sektorun maliyyələşdirilməsi üçün böyük potensial görür və Azərbaycanın bazar perspektivlərini cəlbedici hesab edir.