Bakı.Trend:
"Anglo Asian Mining" şirkəti 2026-cı ilin ilk yarısının yekunlarına əsasən Azərbaycanda gümüş istehsalını artıraraq istehsal həcmini 92 855 unsiyaya çatdırıb. Bu göstərici 2025-ci ilin ilk yarısında qeydə alınmış 62 348 unsiya ilə müqayisədə əhəmiyyətli artım deməkdir.
Şirkətin son hesabatına əsasən, 2026-cı ilin ikinci rübündə gümüş istehsalı 50 059 unsiya təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründə istehsal olunan 32 033 unsiyadan yüksəkdir.
"2026-cı ilin ikinci rübündə istehsal olunan gümüşün 5 775 unsiyası qızıl dore ərintisinin tərkibində əldə olunub, 44 284 unsiyası isə flotasiya prosesi və SART texnologiyasından istifadə edilməklə emal nəticəsində istehsal edilib", - deyə Anglo Asian Mining-in məlumatında bildirilir.
Şirkət qeyd edib ki, 2026-cı ildə indiyədək əldə olunan nəticələrdən razıdır və onlar maliyyə ilinin yekunları üzrə gözləntilərə uyğundur.
"2026-cı ilin ikinci yarısında Dəmirli layihəsinin üçüncü rübdə layihə gücünə çatması, eləcə də mövsümi amillər nəzərə alınmaqla istehsalın ilk yarımillə müqayisədə artacağı gözlənilir. Direktorlar Şurası 2026-cı il üzrə istehsal hədəflərinə - 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş istehsalına nail olunacağına, həmçinin mis istehsalına fokuslanan orta miqyaslı istehsalçı statusuna keçidi nəzərdə tutan orta müddətli inkişaf strategiyasının davam etdiriləcəyinə əminliyini qoruyur", - deyə "Anglo Asian Mining"dən bildirilib.
Qeyd edək ki, Anglo Asian Mining plc Azərbaycanda yüksək keyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır. Şirkət 2025-ci ilin yekunlarına əsasən 7 915 ton mis və 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planına əsasən, 2030-cu ilədək bir neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməsi nəzərdə tutulur. Həmin dövrdə mis şirkətin əsas məhsuluna çevriləcək və illik mis istehsalının 50–55 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.
Şirkət bu məqsədlərə 2027–2030-cu illərdə Xarxar, Qaradağ və Zəfər olmaqla üç yeni mədəni istismara verməklə nail olmağı planlaşdırır. Bu mədənlər Gilar və Dəmirli yataqlarına əlavə olaraq fəaliyyət göstərəcək. Gilar mədənində hasilata 2025-ci ilin may ayında, Dəmirli mədənində isə 2025-ci ilin iyul ayında başlanılıb.