Bakı.Trend:
Türkiyədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnkişaf Bankının (ETDB) İdarəçilər Şurasının 2026-cı il üzrə illik iclası keçirilib.
Bu barədə İƏT Ticarət və İnkişaf Bankının İdarəçilər Şurası məlumat yayıb.
Bildirilib ki, tədbirdə ETDB-nin prezidenti Məhəmməd Haşim Botşekan, İdarəçilər Şurasının sədri, Pakistan Dövlət Bankının rəhbəri Cəmil Əhməd və İƏT-in Baş katibi Asad Məcid Xan çıxış edərək Bankın ötən il üzrə fəaliyyət nəticələri, regional əməkdaşlığın genişləndirilməsi və inkişaf maliyyələşdirilməsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Bankın ölkəmizdə özəl sektorun, iqtisadiyyatın şaxələndirilməsi, innovasiya, dayanıqlı infrastruktur və KOB layihələrinin maliyyələşdirilməsinə verdiyi dəstəyi qeyd edib. ETDB-nin maliyyələşmə təşəbbüslərinin valyuta risklərinin azaldılması və uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin ETDB ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlığın genişləndirilməsinin regional layihələrin maliyyələşdirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyini bildirib.
İclas çərçivəsində ETDB-nin 2025-ci il üzrə İllik Hesabatı, maliyyə hesabatları və müstəqil auditorun rəyi təqdim olunub, Bankın xalis mənfəətinin ehtiyatlara yönəldilməsi barədə qərar qəbul edilib.
