Bakı.Trend:
Azərbaycan Avropa, Mərkəzi Asiya, Çin və Yaxın Şərqi birləşdirən getdikcə daha mühüm logistika mərkəzinə çevrilir.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İnvestisiyaların təşviqi departamentinin investorlarla əlaqələr şöbəsinin müdiri Emin Quliyev Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda çıxışı zamanı deyib.
"Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi fonunda Azərbaycan Avropa, Mərkəzi Asiya, Çin və Yaxın Şərqi birləşdirən getdikcə daha mühüm logistika mərkəzinə çevrilir. Azərbaycan qlobal nəqliyyat marşrutlarında mühüm rol oynayır. Ölkəmiz Çinlə Avropa arasında daşınmalarda vaxt və xərclərə 70 faizə qədər qənaət edilməsini təmin edir. Eyni zamanda, Şimal–Cənub dəhlizi ənənəvi marşrutlarla müqayisədə yükdaşımaların müddətini 60 faizə qədər azaltmağa imkan verir", – deyə o bildirib.
Emin Quliyevin sözlərinə görə, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı məqsədilə 21 mindən çox kilometr avtomobil yolu və magistral yol tikilib və ya yenidən qurulub. Ölkədə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir ki, bunlardan üçü işğaldan azad edilmiş ərazilərdə inşa olunmuş yeni hava limanlarıdır.
O qeyd edib ki, ölkənin dəmir yolu infrastrukturu Xəzər regionunu Avropa ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu xəttini əhatə edir. Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə illik 15 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu göstəricinin gələcəkdə daha da artırılması mümkündür.