Bakı. Trend:
Yerli sukuk bazarının formalaşdırılması üçün ilk növbədə, sukukun hüquqi statusunu müəyyənləşdirən qanunvericilik bazasının yaradılması vacibdir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının birgə hesabatında Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk emissiyasını həyata keçirə biləcəyi proqnozlaşdırılır. Mərkəzi Bankdan bildirilib ki, sözügedən qiymətləndirmə Azərbaycanın kapital bazarının inkişaf potensialını əks etdirən müsbət proqnoz kimi dəyərləndirilə bilər:
"Bununla belə, hesab edirik ki, ilk sukuk emissiyasının reallaşması bazar iştirakçılarının marağından, investor tələbindən, hüquqi bazanın təkmilləşdirilməsindən və makroiqtisadi şəraitdən asılı olacaq. Yerli sukuk bazarının formalaşdırılması üçün ilk növbədə, sukukun hüquqi statusunu müəyyənləşdirən qanunvericilik bazasının yaradılması vacibdir. Hazırda Mərkəzi Bank tərəfindən İslam İnkişaf Bankının dəstəyi və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə sukukun hüquqi çərçivəsinin formalaşdırılması istiqamətində beynəlxalq təcrübə öyrənilir və yerli maliyyə bazarının xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla müvafiq xarici təcrübənin tətbiqi imkanları müəyyənləşdirilir".
Vurğulanıb ki, AMB qarşıdakı dövrdə 2024-2026-cı illər üzrə Maliyyə sektorunun inkişafı strategiyasında müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq, öz mandatı çərçivəsində sukuk alətinin tətbiqinə və bu sahədə zəruri hüquqi və bazar infrastrukturunun formalaşmasına yönəlmiş tədbirləri həyata keçirməyə davam edəcək.
Xatırladaq ki, İslam İnkişaf Bankı İnstitutu (IsDBI) da Azərbaycanda sukuk bazarının formalaşdırılması istiqamətində Mərkəzi Bankla əməkdaşlıq etdiyini açıqlayıb. Trend-ə eksklüziv müsahibəsində IsDBI-nin baş direktor vəzifəsini icra edən Sami Əl-Süveylim bildirib ki, institut sukuk buraxılışı mexanizminin hazırlanması, eləcə də islam bankları və digər islam maliyyə institutları üçün normativ-hüquqi bazanın formalaşdırılmasına dəstək verir. Onun sözlərinə görə, sukuk ölkədə layihələrin maliyyələşdirilməsi üçün əlavə resurs mənbəyi yaradacaq və İslam İnkişaf Bankının Azərbaycan iqtisadiyyatına dəstəyinin genişlənməsinə imkan verəcək.
“Biz artıq Mərkəzi Bankla fəal şəkildə işləyirik. Məqsəd sukuk buraxılışı üçün mexanizmin hazırlanmasına, eləcə də islam bankları və ümumilikdə islam maliyyə institutları üçün qaydaların və tənzimləyici bazanın formalaşdırılmasına kömək etmək və dəstək verməkdir. Bu, İslam İnkişaf Bankının həmin maliyyə institutları vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişafına və tərəqqisinə dəstək məqsədilə iştirakını genişləndirməyə imkan verəcək. Qeyd etdiyim kimi, biz sukuk bazarının inkişafı məsələlərində — həm potensialın artırılması, həm də bu alətlər üçün normativ-hüquqi bazanın hazırlanması istiqamətində Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik. Sukukun Azərbaycan iqtisadiyyatına necə dəstək verə biləcəyinə gəlincə, onlar ölkədə layihələrin həyata keçirilməsini və genişləndirilməsini dəstəkləmək üçün əlavə maliyyələşmə mənbəyi təmin edir. Bu baxımdan sukuk ölkə üçün əlavə maliyyələşmə və resursların səfərbər edilməsi mənbəyinə çevriləcək”, — deyə o əlavə edib.
Qeyd edək ki, IsDBI və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) "Azərbaycanda islam maliyyəsi: yeni üfüqlərin açılması" adlı birgə hesabatında Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk buraxılışını həyata keçirə biləcəyi proqnozlaşdırılır. Hesabatda bildirilir ki, bu hədəfin reallaşması üçün dəstəkləyici tənzimləyici mühitin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və zəruri bazar infrastrukturunun formalaşdırılması əsas şərtlərdən biridir.