Şuşa.Trend:
Şuşa Qlobal Media Forumu dünyada Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına töhfə verən mühüm beynəlxalq platformadır.
Bunu dünya şöhrətli fotoreportyor Reza Deqati IV Şuşa Qlobal Media Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
"Qlobal Media Forumu çox önəmli tədbirdir. Bu forum müxtəlif ölkələrdən olan jurnalistlərə bura gələrək hər şeyi öz gözləri ilə görmək və həqiqətləri öyrənmək imkanı yaradır. Lakin dünyada Azərbaycanın daha yaxşı tanıması üçün bu iş davamlı şəkildə aparılmalıdır", - deyə o bildirib.
Deqatinin sözlərinə görə, müasir dünyada informasiya həlledici rol oynayır. Çünki insanlar baş verən hadisələr barədə təsəvvürlərini məhz kütləvi informasiya vasitələri, televiziya, radio və sosial media vasitəsilə formalaşdırırlar.
O qeyd edib ki, Şuşa Qlobal Media Forumunun keçirilməsi xarici jurnalistlərə Azərbaycanı yaxından tanımaq, ölkədə baş verən prosesləri öz gözləri ilə görmək və etibarlı məlumatı birbaşa mənbədən əldə etmək imkanı yaradır.
Deqati vurğulayıb ki, bu cür beynəlxalq təşəbbüslər dünya media ictimaiyyətinin nümayəndələri arasında dialoqun möhkəmləndirilməsi və Azərbaycan haqqında obyektiv informasiyanın beynəlxalq müstəvidə təşviqi baxımından böyük əhəmiyyət daşıyır.