Bakı. Trend:
Balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Mövcud redaksiyada qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu nəzarətin ilkin mərhələsini təşkil edən balıqçılıq fəaliyyəti birbaşa əhatə olunmur.
Təklif olunan əlavə qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.
Qeyd olunur ki, balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.
Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyi üçün də hədlər olacaq.
Sənədə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi zamanı aşağıdakı həddlər müəyyənləşib:
Heyvandarlıq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla, layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda; Quşçuluq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla, layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda; Balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları - illik əldə olunan balıq məhsullarının, habelə balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda; Aqroparklar - nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.