Şuşa.Trend:
Azərbaycan bu gün Böyük Xəzər məkanı, Mərkəzi Asiya və Cənubi Qafqazda regional inteqrasiyanın əsas mərkəzlərindən biri olmaqla yanaşı, iri regional layihələrin təşəbbüskarı kimi çıxış edir.
Bunu Trend-ə gürcü siyasi analitiki Gela Vasadze IV Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.
"Azərbaycan işğal altında olan ərazilərə və yüksək həssaslığa malik ölkədən hazırda regional gündəliyin formalaşmasında mühüm rol oynayan orta güclü dövlətə çevrilib. Bundan əlavə, Böyük Xəzər məkanı, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqazın birləşdirilməsini nəzərdə tutan layihələrdə Azərbaycan bu prosesin əsas hərəkətverici qüvvəsi və təşəbbüskarıdır", – deyə o bildirib.
Vasadzenin sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələr nəticəsində beynəlxalq ekspert ictimaiyyətində Azərbaycanın inkişaf yolu barədə vahid və dolğun təsəvvür formalaşıb.
"Ekspert ictimaiyyəti üçün faktiki olaraq vahid mənzərə formalaşdı. Belə bir anlayışı ayrı-ayrılıqda əldə etmək mümkün olmazdı", – deyə analitik qeyd edib.
Şuşa şəhəri barədə danışan Vasadze bildirib ki, artıq dördüncü ildir ardıcıl olaraq bu şəhərə səfər edir və demək olar ki, azad olunduğu ilk günlərdən etibarən onun bərpası prosesini izləyir.
"Mən Şuşanı dağıdılmış vəziyyətdə də görmüşəm, miinalanmış halda da. Bu gün isə Şuşa faktiki olaraq yeni Azərbaycanın rəmzinə çevrilib – bu kiçik və həssas bir şəhərin necə möhtəşəm bir məkana çevrilə biləcəyinin parlaq nümunəsidir", – deyə o əlavə edib.