Bakı. Trend:
"InvestAZ" İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iyun ayı iclasının protokollarına, Yaxın Şərqdə yenidən kəskinləşən geosiyasi gərginliyə, neft bazarında tədarük risklərinin artmasına və mərkəzi bankların monetar siyasətinə yönəldi. Həftənin ikinci yarısında ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməsi enerji bazarlarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb oldu. Eyni zamanda, FED protokolları faiz dərəcələrinin yüksək səviyyədə daha uzun müddət saxlanıla biləcəyi ilə bağlı gözləntiləri gücləndirsə də, geosiyasi risklərin artması investorların bazardakı mövqelərinə əhəmiyyətli təsir göstərdi.
Yaxın Şərqdə gərginliyin yenidən artması enerji bazarlarını hərəkətə gətirdi
Həftənin əsas mövzusu ABŞ və İran arasında münasibətlərin yenidən kəskinləşməsi oldu. Son günlər ABŞ-ın İran ərazisinə endirdiyi hava zərbələri və İranın bölgədə yerləşən ABŞ hərbi obyektlərinə cavab hücumları geosiyasi riskləri əhəmiyyətli dərəcədə artırdı. Bununla yanaşı, Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinin ciddi şəkildə azalması qlobal enerji bazarında tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirdi. Bu şəraitdə "Brent" markalı neft iyun ayının sonundan bəri ən yüksək səviyyəsinə yüksəldi və enerji bazarında risk primi yenidən artmağa başladı.
FED protokolları faiz siyasəti ilə bağlı ehtiyatlı mövqeni təsdiqlədi
Həftə ərzində açıqlanan FOMC protokolları göstərdi ki, komitənin bəzi üzvləri iyun ayında faiz dərəcəsinin artırılması üçün kifayət qədər əsasların formalaşdığını hesab etsələr də, yekunda bütün üzvlər faiz dərəcəsinin 3.75% səviyyəsində saxlanılmasına yekdilliklə səs veriblər. Protokollarda inflyasiya risklərinin hələ də yüksək olaraq qaldığı, əmək bazarının isə dayanıqlılığını qoruduğu vurğulanıb. Bu isə bazar iştirakçılarının FED-in yaxın iclaslarda sərt monetar siyasətdən tam imtina etməyəcəyi ilə bağlı gözləntilərini saxladı.
“OPEC+” hasilat strategiyasını dəyişməsə də, bazarın diqqəti yenidən geosiyasi risklərə yönəldi
Ötən həftə bazar iştirakçıları “OPEC+” ölkələrinin avqust ayı üçün gündəlik hasilatın daha 188 min barel artırılması qərarını qiymətləndirməyə davam etdilər. Normal şəraitdə bu qərar qiymətlər üzərində eniş təzyiqi yarada bilərdi. Lakin Yaxın Şərqdə geosiyasi vəziyyətin sürətlə pisləşməsi və Hörmüz boğazı ətrafında yaranan risklər bazarın diqqətini yenidən mümkün təchizat problemlərinə yönəltdi. Nəticədə, hasilatın artırılması ilə bağlı qərar neft qiymətlərinin yüksəlişini dayandırmaq üçün kifayət etmədi.
Yarımkeçirici sektorunda qarışıq mənzərə müşahidə olundu
Texnologiya sektorunda xəbərlər müxtəlif istiqamətdə qiymətləndirildi. Dünyada yarımkeçirici satışları may ayında illik ifadədə rekord səviyyədə artaraq süni intellekt texnologiyalarına olan yüksək tələbin davam etdiyini göstərdi. Bununla yanaşı, "Broadcom" və "Apple" arasında 2031-ci ilə qədər texnoloji əməkdaşlığın uzadılması sektora dəstək versə də, "Samsung Electronics"in maliyyə nəticələrinin bazar gözləntilərini tam doğrultmaması yarımkeçirici şirkətlərinin səhmlərində satışların artmasına səbəb oldu. Nəticədə, texnologiya sektorunda volatillik yüksəldi və "Nasdaq" indeksi həftə ərzində təzyiq altında qaldı.
İnvestorların diqqəti artıq inflyasiya göstəricilərinə yönəlir
FED protokollarının açıqlanmasından sonra bazarın əsas diqqəti ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə və ikinci rüb üzrə korporativ maliyyə hesabatlarına yönəlib. Analitiklər hesab edirlər ki, enerji qiymətlərində son günlər müşahidə olunan yüksəliş inflyasiya təzyiqlərini yenidən gücləndirə bilər. Bu isə FED-in növbəti qərarlarına birbaşa təsir edəcək əsas amillərdən biri olacaq. Eyni zamanda, ABŞ banklarının və texnologiya şirkətlərinin maliyyə nəticələri qlobal fond bazarlarında növbəti istiqamətin formalaşmasına ciddi təsir göstərə bilər.
Cari həftə investorların diqqəti ilk növbədə ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) göstəricilərinə yönələcək. Bu məlumatlar inflyasiya təzyiqlərinin hansı istiqamətdə dəyişdiyini göstərməklə yanaşı, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti faiz qərarları ilə bağlı bazar gözləntilərinin formalaşmasına mühüm təsir göstərə bilər. Bununla yanaşı, ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Sənaye Sektorunda İstehsal Həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, həmçinin Tikintisi Başlanılan Evlərin Sayı göstəriciləri bazar iştirakçıları tərəfindən diqqətlə izləniləcək.
Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksinin (CPI) yekun göstəricisi, Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada isə ÜDM və digər iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bundan əlavə, ABŞ-da ikinci rüb üzrə maliyyə hesabatı mövsümü başlayacaq. “JPMorgan Chase”, “Goldman Sachs”, “Citigroup”, “Bank of America”, “Morgan Stanley”, “BlackRock” və bir sıra digər iri şirkətlərin açıqlayacağı maliyyə nəticələri qlobal fond bazarlarında qiymət dinamikasına ciddi təsir göstərə bilər.
Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi vəziyyət, Hörmüz boğazında gəmiçilik marşrutlarının fəaliyyəti və ABŞ–İran münasibətlərində baş verəcək yeni hadisələr enerji bazarlarında volatilliyi artıran əsas amillər olaraq qalacaq.
EUR
Ötən həftə avronun dinamikasına əsas təsir edən amillər ABŞ-da açıqlanan FED protokolları, geosiyasi risklərin artması və Avrozonada iqtisadi sabitləşmə ilə bağlı gözləntilər oldu. ABŞ dollarının zəifləməsi fonunda EURUSD məzənnəsi həftə ərzində yüksəliş nümayiş etdirdi.
Ötən həftəyə 1.14320 səviyyəsində başlayan EURUSD məzənnəsi həftə ərzində 1.14600 həddinədək yüksəlsə də, sonradan mənfəət realizasiyası fonunda bir qədər geri çəkilərək həftəni 1.14150 səviyyəsi ətrafında tamamladı.
Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. Gözləntilərdən yüksək inflyasiya göstəriciləri dolları dəstəkləyərək EURUSD məzənnəsində korreksiyanı dərinləşdirə bilər. Əks halda, zəif inflyasiya göstəriciləri məzənnənin 1.15000 həddini test etməsinə şərait yarada bilər.
GBP
Funt sterlinq ötən həftə əsasən ABŞ dollarının zəifləməsi hesabına dəyər qazandı. Böyük Britaniyada mühüm makroiqtisadi göstəricilərin az olması səbəbindən GBPUSD məzənnəsinin əsas hərəkətverici qüvvəsi yenə də ABŞ dollarının dinamikası oldu.
Ötən həftəyə 1.33420 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.34510 həddinədək yüksəldi və həftəni 1.33970 səviyyəsi ətrafında başa vurdu.
Cari həftə Böyük Britaniyada açıqlanacaq ÜDM göstəricisi və ABŞ-da dərc olunacaq inflyasiya məlumatları GBPUSD məzənnəsinin istiqamətinin müəyyənləşməsində əsas rol oynaya bilər. 1.34550 həddinin yuxarı istiqamətdə qırılması yüksəliş meylini gücləndirə, əks halda isə 1.33300 dəstək səviyyəsi yenidən gündəmə gələ bilər.
XAUUSD
Qızıl bazarında ötən həftə yüksək volatillik müşahidə olundu. FED protokolları bazarda sərt monetar siyasətin davam edə biləcəyinə işarə etsə də, Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən artması təhlükəsiz aktivlərə tələbi artırdı və qızılın qiymətinə dəstək verdi.
Ötən həftəyə təxminən 4178$ səviyyəsində başlayan qızıl 4202$ həddinə qədər bahalaşaraq 22 iyun tarixindən bəri ən yüksək həddə qalxdı. Lakin, daha sonra 4022$ səviyyəsinə qədər gerilədi. Yeni həftəyə qızıl 4097$ səviyyəsində başladı.