Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.
Metbuat.az bildirir ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.
Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.
Mehman da öz növbəsində ona istədiyi “metamfetamin”in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.
Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.
Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.
Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.