Bakı.Trend:
"Fitch Ratings" agentliyinin hesabatında bildirilir ki, "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi Ermənistan iqtisadiyyatına uzunmüddətli təkan verə bilər.
"Bir sıra iri infrastruktur investisiya layihələri, o cümlədən "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" uzunmüddətli iqtisadi artım perspektivlərini daha da genişləndirə bilər", — deyə reytinq agentliyi qeyd edib.
"Fitch" analitikləri həmçinin vurğulayıblar ki, ABŞ-nin dəstəklədiyi Azərbaycanla sülh təşəbbüsü yaxın perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldıb. Bununla belə, prosesin uğurla başa çatacağına, o cümlədən mümkün konstitusiya referendumu ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.
"Həmçinin Rusiya ilə diplomatik gərginliyin artması Ermənistan iqtisadiyyatı üçün risklər yaradır. Bu, xüsusilə ölkənin Rusiya enerji resurslarından əhəmiyyətli dərəcədə asılı olması fonunda daha aktualdır", — hesabatda bildirilir.
Fitch qeyd edir ki, Rusiya Ermənistanın ən iri ticarət tərəfdaşı olaraq qalır və ölkəyə idxal olunan təbii qazın 80 faizdən çoxunu güzəştli şərtlərlə təmin edir.
"Ermənistan mallarının ixracının 35 faizi Rusiyanın payına düşür. Son vaxtlar Moskva Ermənistanın ərzaq məhsullarının idxalı və tranzitinə məhdudiyyətlər tətbiq edib, həmçinin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə cavab olaraq güzəştli enerji daşıyıcılarının tədarükünü və emal olunmamış almaz ticarətini dayandıracağı ilə hədələyib. Təbii qaz ölkənin enerji istehlakının 61 faizini təmin etdiyindən, qaz tədarükünün dayandırılması və ya qiymətlərin artırılması makroiqtisadi, büdcə və xarici balans göstəricilərinə mənfi təsir göstərə bilər", — Fitch bildirib.
Reytinq agentliyi proqnozlaşdırır ki, Ermənistanda inflyasiya 2026-cı ildə orta hesabla 4,4 faiz təşkil edəcək, bundan sonra isə tədricən Ermənistan Mərkəzi Bankının 3 faizlik hədəf göstəricisinə qayıdacaq.
"İnflyasiyanın artımı hələ İranda müharibə başlamazdan əvvəl müşahidə olunurdu və buna ərzaq məhsullarının, xidmətlərin bahalaşması, eləcə də ümumi səhiyyə xərclərinin artması səbəb olub", — Fitch qeyd edib. Bununla yanaşı, agentliyin qiymətləndirməsinə görə, Rusiyanın idxala tətbiq etdiyi məhdudiyyətlər bəzi mallar üzrə daxili təklifi artıra və inflyasiyanın zəifləməsinə səbəb ola bilər.
"Fitch" Ermənistan Mərkəzi Bankının əsas uçot dərəcəsini müvəqqəti olaraq 25 baza bəndi artıraraq 6,75 faizə çatdıracağını proqnozlaşdırır.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramını təqdim ediblər.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan "TRIPP Development Company" şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Bu şirkət TRIPP layihəsinin inkişafına cavabdeh olacaq. Şirkətə layihəni ilkin olaraq 49 il müddətində həyata keçirmək hüququ veriləcək. İrəvan "TRIPP Development Company" şirkətinin səhmlərinin 74 faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.