Bakı. Trend:
Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməli, "odun üstünə yağ tökməməlidir".
Bunu Fransa senatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Bakıya səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini şərh edən Qule əminliyini ifadə edib ki, mövcud dinamika gələcək irəliləyişə gətirib çıxaracaq.
"Mən demək olar ki, əminəm ki, məsələlər həll olunacaq. Hər iki tərəf sülh prosesinə qəti sadiqlik və ciddi siyasi iradə nümayiş etdirir. Düşünürəm ki, biz sülh prosesinə etibar etməliyik. Keçən həftə İstanbulda idim və hava limanında "Turkish Airlines"ın İrəvana uçuşlar həyata keçirdiyini görəndə anlayırsan ki, bir neçə il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Bu gün isə bu, gündəlik həyatın bir hissəsinə çevrilib - İstanbul ilə İrəvan arasında müntəzəm hava əlaqəsi mövcuddur. Sülh prosesi praktikada məhz belə görünür. Biz isə dostlar olaraq sadəcə sülhü dəstəkləməliyik, odun üstünə yağ tökməməliyik", - deyə senator qeyd edib.
Qule Azərbaycanın Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırmaq qərarını da yüksək qiymətləndirib.
"Əgər siz iqtisadi dəstək göstərir və biznes üçün imkanlar yaradırsınızsa, insanlar tədricən müharibə və keçmiş haqqında düşünməyi dayandırırlar. Bunun əvəzinə onlar sahibkarlığın dəstəklənməsinə, yeni imkanların yaradılmasına, həyat şəraitinin yaxşılaşdırılmasına və rifah səviyyəsinin yüksəldilməsinə diqqət yetirirlər. Onlar Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq nümunəsinə baxıb bunun regional səviyyədə necə işlədiyini görə bilərlər. Bu, pazlın yığılmasına bənzəyir. Ermənistan Cənubi Qafqazın üç hissəsindən biridir və bütün bu proses regionun inkişafına və sabitliyinə töhfə verə bilər", - deyə o əlavə edib.
Azərbaycan Avropa üçün strateji tərəfdaşdır
Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri şərh edən Natali Qule bildirib ki, o, Azərbaycanı hər zaman Cənubi Qafqazda Avropanın mühüm tərəfdaşı hesab edib.
"Mən bunu dəfələrlə yazmışam: Azərbaycan Cənubi Qafqazda Avropa üçün mühüm tərəfdaşdır. Bəziləri buna skeptik yanaşırdı. Adətən belə düşünənlər regionu yaxşı tanımayan və hətta xəritəyə belə baxmayan insanlardır. Mənim üçün isə bu, həmişə aydın olub. Azərbaycan təkcə enerji sahəsində deyil, həm də regional sabitlik məsələlərində Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət sayəsində, xüsusilə də ölkənin yerləşdiyi son dərəcə mürəkkəb geosiyasi mühiti nəzərə alaraq, Avropanın etibarlı tərəfdaşı olaraq qalır. İnsanlar başa düşməlidirlər ki, bir ölkəni tanımadan və onun yerləşdiyi regional mühiti anlamadan həmin ölkə haqqında mühakimə yürütmək olmaz. Bunun üçün müdrik və açıq diplomatiya lazımdır. Biz son münaqişələr zamanı da gördük ki, Azərbaycan İrana humanitar yardım, o cümlədən ərzaq tədarükü həyata keçirirdi. Bu, ölkənin bloklara qoşulmamaq yanaşmasını əks etdirir", - deyə fransalı senator bildirib.
Qule əlavə edib ki, Fransada Azərbaycanı tənqid edənlərin çoxu heç vaxt ölkəyə səfər etməyib.
"Bir çox insanlar - o cümlədən, ola bilsin ki, bəzi yüksək vəzifəli fransalı məmurlar - heç vaxt Azərbaycanda olmayıblar. Hər hansı, xüsusən də mənfi mühakimə yürütməzdən əvvəl onlar bura gəlib vəziyyəti öz gözləri ilə görməli idilər.
Reallıq ondan ibarətdir ki, əvvəllər insanlar sadəcə bunu görmək istəmirdilər. Bu ölkə prinsip etibarilə dəyişməyib; dəyişən onu başqalarının necə qəbul etməsidir və bu da əsasən şəraitin onları buna məcbur etməsi ilə bağlıdır. Arxan divara dirənəndə, kimin dost, kimin rəqib olduğunu diqqətlə nəzərdən keçirməyə məcbur olursan. Enerji böhranı, Ukraynadakı müharibənin nəticələri və Rusiyanın siyasətinin tamamilə proqnozlaşdırılan xarakteri Avropanı sabitlik axtarmağa sövq etdi. Mən on il əvvəl də məhz bunu deyirdim: bu regiona daha bir qeyri-sabitlik ocağı lazım deyil. Bizə sabitlik lazımdır. Son hadisələr böyük ölçüdə bu qiymətləndirmənin doğru olduğunu təsdiqlədi", - deyə o vurğulayıb.
Fransa-Azərbaycan münasibətlərində yeni səhifə
İkitərəfli münasibətlərə toxunan Natali Qule bildirib ki, Fransa ilə Azərbaycanın irəliyə doğru hərəkət etməsinin vaxtı çatıb.
"Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi, Prezident İlham Əliyevin səylərini və bu prosesə sadiqliyini, eləcə də Ermənistanda seçkilərin nəticələrini nəzərə alaraq hesab edirəm ki, biz mütləq bu səhifəni çevirməliyik. Yeni mərhələ başlayır və biz diqqətimizi gələcəyə yönəltməliyik. Fransa ilə Azərbaycan arasında əvvəllər mövcud olmuş gözəl münasibətləri bərpa etməli və ikitərəfli əlaqələrə mənfi təsir göstərmiş anlaşılmazlıqları aradan qaldırmalıyıq", - deyə o bildirib.
Senator parlamentlərarası əməkdaşlığın bərpasının vacibliyini vurğulayıb.
"Biz həmçinin parlamentlərarası münasibətləri bərpa etməliyik. Bu münasibətlər təkcə region üçün deyil, parlamentlərimiz çərçivəsində bir çox məsələlərin həlli baxımından da böyük əhəmiyyət daşıyır. Fransada Senatda dostluq qrupu hələ də fəaliyyət göstərir, halbuki Azərbaycanda belə bir qrup tamamilə fəaliyyətini dayandırıb. Buna görə də onu bərpa etməliyik. Düşünürəm ki, bu, müəyyən vaxt apara bilər, amma xoş niyyət olarsa, mümkündür. Mən artıq Fransa Senatının sədrinə məktub göndərərək dostluq qrupunun rəhbəri vəzifəsinə namizədliyimin nəzərdən keçirilməsini xahiş etmişəm. Hesab edirəm ki, bu, yaxşı başlanğıc nöqtəsi ola bilər", - deyə fransalı senator qeyd edib.
O, həmçinin bu ilin əvvəlində Fransa Prezidenti Emmanuel Makron ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş telefon danışıqlarını xatırladıb.
Fransa Avropa və Xarici İşlər Nazirliyinin Qarabağ və insan hüquqları ilə bağlı bəyanatlarının yaratdığı son gərginliyi şərh edən Qule vurğulayıb ki, rəsmi Paris və Bakı münasibətləri yaxşılaşdırmalıdır.
"Biz bu səhifəni çevirməli və daha səmərəli işləməyə başlamalıyıq", - deyə o bildirib.
Qule həmçinin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya və Fransanın Azərbaycandakı səfiri Sofi Laquta münasibətlərin inkişafına verdikləri töhfəyə görə təşəkkür edib.
Senator mədəniyyət sahəsində əməkdaşlığın da bərpasının tərəfdarı olduğunu bildirib.

