Bakı. Trend:
Bakıda Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, konfrans Azərbaycanda müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə təşkil olunan ilk belə platformadır.
Konfransda keçmiş və hazırkı müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbər və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində beynəlxalq informasiya məkanında neokolonial istismara məruz qalan və müstəmləkə asılılığı şəraitində yaşayan xalqların və etnik azlıqların səsinin gücləndirilməsi məsələsində KİV-in rolu və onların üzləşdiyi çağırışlar müzakirə olunacaq.
Beynəlxalq mediada uzun müddət diqqətdən kənarda qalan müstəmləkə reallıqlarının – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talan edilməsi, mədəni kimliyin silinməsi, yerli xalqlara qarşı sistemli ayrı-seçkilik, repressiyalar, eləcə də kənardan insanların köçürülməsi hesabına yerli əhalinin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi siyasətinin Kanaklar (Yeni Kaledoniya) və Bonaire nümunəsində işıqlandırılmasına xüsusi diqqət ayrılacaq.
Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılmış süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta xəbərlərlə mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları ilə yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Xəbər yenilənir...


