Bakı. Trend:
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü – iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçiriləcək.
Azərbaycanın və digər ölkələrin məşhur balet ulduzlarının iştirakı ilə baş tutacaq bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edəcək.
Həmin gecə Qəbələ şəhəri festivalın məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək. Belə ki, festival eyni zamanda müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərini bir araya gətirəcək.
Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderlandın Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Mayevski çıxacaqlar.
Təxminən saat yarım davam edəcək qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdiriləcək. Tamaşaçılar Lüdviq Minkusun "Don Kixot", Sergey Prokofyevin "Romeo və Cülyetta", Adolf Adanın "Jizel" və digər sevilən baletlərdən parçalar izləyəcəklər.
Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunacaq qala-konsert tamaşaçılara unudulmaz sənət bayramı yaşadacaq.
Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçiriləcək. İyulun 29-dan avqustun 3-dək davam edəcək XV Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi bayramı olmaqla yanaşı xalqları birləşdirən, sərhədləri aşan, unudulmaz təqdimatlarla yadda qalacaq.
Azərbaycanla yanaşı, musiqi bayramına Almaniya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan incəsənət ustaları dəvət alıb.