Bakı. Trend:
Diplomatiya dövlətin beynəlxalq aləmdə sözünü demək, milli maraqlarını qorumaq, etibarlı tərəfdaşlıq əlaqələri qurmaq və sülhə, təhlükəsizliyə töhfə vermək missiyasını daşıyan ən mühüm fəaliyyət sahələrindən biridir. Son illər Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar ölkəmizin artan nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, müstəqil və prinsipial xarici siyasət kursunun mühüm nəticəsidir. Keçmişə nəzər saldıqda Azərbaycan diplomatiyasının keçdiyi bu yolun heç də sadə və asan olmadığını görə bilərik. Torpaqlarımız işğal altında olduğu halda beynəlxalq platformalarda ya kifayət qədər təmsil olunmurduq, ya da sözümüzü başqaları təhrif edərək çatdırırdı. Belə bir çətin və ziddiyyətli mərhələdən keçərək formalaşan Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib.
Bu gün Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlara nəzər salarkən müstəqilliyimizin ilk illərindən başlanmış mürəkkəb və şərəfli yolu da xatırlamaq lazımdır. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək, Ermənistanın təcavüzü nəticəsində yaranmış reallıqları beynəlxalq ictimaiyyətə qəbul etdirmək heç də asan olmayıb. Uzun illər diplomatlarımız, dövlət qurumlarımız və xaricdə fəaliyyət göstərən soydaşlarımız çox çətin şəraitdə bu mübarizəni aparıblar.
BMT-nin İqtisadi və Sosial şurasının Əsas Məşvərətçi Statusuna malik olan bir vətəndaş cəmiyyəti təşkilatının rəhbəri və iyirmi ildən artıqdır ki, BMT sistemi və digər beynəlxalq platformalarda fəaliyyət göstərən biri kimi bu illər ərzində bir həqiqətin dəfələrlə şahidi olmuşam. Beynəlxalq təşkilatlarda boş qalan yerləri həmişə başqaları doldurur. Əgər sən həmin masada deyilsənsə, sənin haqqında başqaları danışacaq. Əgər sən öz həqiqətlərini söyləmirsənsə, bunu çox vaxt səni istəməyən qüvvələr öz maraqlarına uyğun şəkildə edəcəklər. Uzun illər ərzində biz bunun acı nəticələrini yaşamışıq. Ermənistanın və onu dəstəkləyən dairələrin müxtəlif beynəlxalq təşkilatlarda, komitələrdə və forumlarda Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatları yaymağa çalışmasının dəfələrlə şahidi olmuşuq. Belə hallarda yalnız peşəkar diplomatiyanın, güclü dövlət mövqeyinin və fəal vətəndaş cəmiyyətinin birgə fəaliyyəti həqiqətin müdafiəsinə imkan verirdi. Azərbaycan harada təmsil olunursa, orada həqiqətlərimiz daha inamla səslənir, harada təmsil olunmursa, həmin boşluğu mütləq başqaları doldurmağa çalışırlar. Məhz buna görə beynəlxalq təşkilatlarda fəal iştirak bizim üçün seçim deyil, strateji zərurətdir
2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü bütün namizədlərin seçilməsi və 14 namizədliyin hər biri üzrə qələbə qazanılması bunun parlaq nümunəsidir. Bu uğur Azərbaycanın beynəlxalq seçki diplomatiyasında yüz faiz nəticə əldə etdiyini göstərir. Eyni zamanda, 2026-cı ilin iyun ayında BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə qazanılan uğurlar, həmçinin ölkəmizin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunması nəticəsində Azərbaycan BMT-nin insan hüquqları üzrə fəaliyyət göstərən on müqavilə qurumundan beşində təmsil olunan azsaylı dövlətlərdən birinə çevrilmişdir. Bu isə ölkəmizin çoxtərəfli diplomatiyasının gücünü və beynəlxalq etimadın yüksək səviyyəsini nümayiş etdirir.
Bu gün Azərbaycan artıq beynəlxalq gündəliyin formalaşmasına töhfə verən dövlətlər sırasındadır. Qoşulmama Hərəkatına sədrlik etmək, COP29, WUF13 kimi mötəbər qlobal tədbirlərin ev sahibi olmaq, BMT, UNESCO və digər beynəlxalq təşkilatlarda artan nüfuz, regional əməkdaşlıq və sülh təşəbbüsləri Azərbaycanın beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.
Qarabağın işğaldan azad edilməsindən sonra diplomatiyamızın qarşısında yeni və daha məsuliyyətli vəzifələr dayanır. Bu gün əsas məqsəd azad olunmuş ərazilərin bərpası, mina təhlükəsinin yaratdığı humanitar problemlərin beynəlxalq gündəmdə saxlanılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi, regionda davamlı sülhün təmin olunması və Azərbaycanın yeni reallıqlarının dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır. Hansı ki, İkinci Qarabağ müharibəsindən sonra illərdir formalaşan mənzərə tamamilə dəyişdi. Bu istiqamətdə dövlət diplomatiyası ilə yanaşı, parlament diplomatiyasının, vətəndaş cəmiyyətinin, medianın, elmi dairələrin və diaspor təşkilatlarının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə diplomatiya Xarici İşlər Nazirliyinin işi olmaqla yanaşı ölkənin milli maraqlarının müdafiəsi istiqamətində əsas məsuliyyətə çevrilib.
Əminəm ki, Azərbaycanın müstəqil, prinsipial və milli maraqlara söykənən xarici siyasəti bundan sonra da ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirəcək, diplomatlarımızın peşəkarlığı və dövlətimizin artan nüfuzu sayəsində üçrəngli bayrağımız dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında daha inamla dalğalanacaq. Azərbaycan Diplomatiyası Günü və Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə bayramı münasibətilə ölkəmizin milli maraqlarını dünyanın müxtəlif ölkələrində və beynəlxalq təşkilatlarda böyük məsuliyyətlə müdafiə edən bütün diplomatlarımızı, diplomatik xidmət veteranlarını və bu müqəddəs missiyaya töhfə verən hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.
Diplomatiya dövlətin nüfuzu, xalqın səsi və gələcəyinin etibarlı təminatıdır. 9 İyul - Azərbaycan Diplomatiyası Günümüz mübarək!
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti