Bakı.Trend:
SABAH qrupları Azərbaycan ali təhsil sisteminin brendinə çevrilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri “SABAH-ın Məzunu 2026” tədbirində Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, SABAH qruplarının layihəsinə başlayarkən bu gün məzun olan tələbələrin əksəriyyəti orta məktəbdə təhsil alırdılar.
O, SABAH qruplarının ilk illərində layihədə əməyi keçən insanlara da təşəkkür edib:
“SABAH qrupları 10-cu ildir ki, məzunlarını yola salır. Artıq bu ildən Yeni SABAH təşəbbüsünü də irəli sürmüşük. Beləliklə, tələbələrin ikinci kursdan yox, birinci kursdan SABAH qruplarına cəlb edilməsinə başlanıldı”.
Emin Əmrullayev bildirib ki, “SABAH” qrupları Azərbaycanın gələcəyinə, dayanıqlı inkişafına və ölkənin davamlı tərəqqisinə töhfə verən ən mühüm layihələrdən biridir.
Nazirin sözlərinə görə, təhsilin başlıca məqsədi təkcə bilikli mütəxəssis hazırlamaq deyil, eyni zamanda vətəninə bağlı, məsuliyyətli və layiqli vətəndaş yetişdirməkdir. O qeyd edib ki, “SABAH” qrupları bu missiyanı uğurla həyata keçirərək Azərbaycan təhsilinin inkişafına əhəmiyyətli töhfə verir.