Bakı. Trend:
Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərhinə dair qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Plenum iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, Prokurorluğun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, həmçinin Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Bakı, Şirvan və Sumqayıt Apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis rəylərini, eləcə də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fərhad Abbasovanın ekspert rəyini araşdıraraq qərar qəbul edib.
Qərara əsasən, Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulan hallarla bağlı onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə çıxış hüququnu məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
Konstitusiya Məhkəməsi vurğulayıb ki, belə şikayətlərə baxılarkən yalnız qərar və ya hərəkətin adı və formal əlamətləri deyil, onun hüquqi mahiyyəti və doğurduğu hüquqi nəticələr də nəzərə alınmalıdır.
Eyni zamanda, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərar və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir.
Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.