Bakı. Trend:
Azərbaycan Hava Yolları və “Sea Breeze” sərnişinlər üçün yeni lotereya kampaniyasına start verir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
“Səma və dəniz” adlı lotereya çərçivəsində AZAL Miles loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən “Sea Breeze”də mənzil qazanmaq imkanı əldə edəcəklər.
Kampaniya 8 iyul–8 sentyabr 2026-cı il tarixlərini əhatə edir. Lotereyanın yekun tirajı isə 28 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Lotereyada iştirak etmək üçün sərnişinlərin AZAL Miles loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir.
İştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar AZAL Miles proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də AZAL Miles nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur.
Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr Azərbaycan Hava Yollarının rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq.
Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə AZAL Miles şəxsi kabinetində tanış olmaq mümkündür.