Bakı.Trend:
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) çərçivəsində təcrübə mübadiləsi milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.
Trend xəbər verir ki, bunu Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Cenevrədə keçirilən ÜƏMT-ə üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası çərçivəsində onlayn formatda çıxışı zamanı deyib.
"Hörmətli cənab Sədr, hörmətli Baş direktor, hörmətli Assambleya iştirakçıları!
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru cənab Daren Tanqı yenidən bu vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafı ölkənin sosial-iqtisadi İnkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçirilir.
Əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması, innovasiya ekosisteminin inkişafına verdiyi töhfə və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirib.
Diqqət mərkəzində əqli fəaliyyət nəticələrinin, süni intellektin və əqli mülkiyyətin fəlsəfəsi dayanır: riyazi əsaslardan fəlsəfi-hüquqi aspektlərə, innovasiya potensialından istifadənin səviyyəsinə və aparıcı ali təhsil müəssisələrində yaratdığımız əqli mülkiyyət kafedraları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər fənlərarası tədqiqatlara qədər geniş bir istiqamətil əhatə edir. Bu siyasətin əsasını əqli mülkiyyətin yalnız müstəsna hüquqlar sistemi kimi deyil, həm də həmin hüquqlarla qorunan obyektlər baxımından yenidən dərk edilməsi təşkil edir.
ÜƏMT Katibliyinə Agentliyin strukturunu və fəaliyyətini seçilmiş 15 əqli mülkiyyət idarəsi sırasında təqdim etdiyinə və bunu “Gələcəyə baxan liderlerin Hesabatı”nda əks etdirdiyinə görə təşəkkürümüzü bildiririk.
ÜƏMT-nin IPAS sistemi ilə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, Açıq Reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir", - deyə o bildirib.
Onun sözlərinə görə, məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılmış, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıb.
"Əminəm ki, ÜƏMT çərçivəsində təcrübə mübadiləsi milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcəkdir" , – deyə Kamran İmanov əlavə edib.




