Zəngilan. Trend:
Zəngilanın Ağalı kəndində salınmış intensiv meyvə bağlarında yüksək məhsuldarlıq əldə olunub.
Bu barədə Trend-in Qarabağ bürosuna açıqlamasında bağın aqronomu Fuad İbrahimli deyib.
F. İbrahimli bağda aparılan becərmə işlərindən və əldə edilən məhsuldarlığın yüksək olmasından danışıb.
"Bağ 2022-ci ildə 100 hektar ərazidə salınıb. Hazırda bağda ümumi 40 hektar sahədə 3 çeşiddə ərik, 60 hektarında 10 çeşiddə isə nektarin əkilib. Bu vaxta qədər ərik sahəsində yığım tamamilə başa çatıb. Nektarin sahəsində isə bir neçə gündür məhsul yığımı başlayıb. Bu il məhsulumuz çox yaxşı olub. 15 gündən çoxdur ki, nektarin sahəsində yığım davam etdirilir. Bu günə kimi, 150 tondan artıq məhsul toplanaraq bazarlara çıxarılıb. Demək olar ki, bağın 50 faizindən məhsul tam toplanıb. Bağda məhsulun tam toplanması prosesi avqust ayının sonuna kimi davam edəcək. Ağacların gübrələnməsi, müasir suvarma sistemləri ilə təhciz edilməsi bizə imkan verir ki, daha çox və bazar üçün, əmtəə nişanı yüksək olan məhsullar əldə edək. Xüsusilə qeyd etmək istəyirəm ki, bu il hər ağacdan orta hesabla 15 - 20 kiloqramdan artıq məhsul əldə edirik", - deyə o bildirib.








