Şuşa. Trend:
Kimlik yalnız yaddaş mövcud olduqda yaşayır, yaddaş isə mədəni irsin nəsildən-nəslə ötürülməsi sayəsində qorunub saxlanılır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi" adlı panel müzakirəsində Türkiyənin Çukurova Universitetinin professoru Cahid Aslan deyib.
O bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla çərkəz ailə xatirələri, mədəni ayinlər və anım tədbirləri vasitəsilə kollektiv yaddaşı qorumağa çalışır.
"Çərkəz kimliyi tarix boyu fərqli anlamlarda işlədilib. Dar anlamda “adıgey”ləri ifadə etsə də, geniş anlamda Şimali Qafqazdan sürgün edilmiş bir çox yerli xalqları özündə ehtiva edən üst kimlik mənasındadır”.
C.Aslan SSRİ dövründə Kremlin Şimali Qafqaz xalqlarına, o cümlədən qaraçaylara, balkarlara, çeçenlərə qarşı sürgünlərini də sadalayıb və bunların da kollektiv yaddaşda dərin izlər buraxdığını söyləyib:
“Kollektiv yaddaş yalnız keçmişi xatırlama forması deyil, eyni zamanda gələcəyi inşaetmə iradəsidir. Kimlik ancaq yaddaş olduqda canlıdır, yaddaş isə mədəni irsin ötürülməsi yolu ilə diridir. Bu səbəbdən çərkəz milli kimliyi keçmişdən qidalanan, lakin gələcəyə yönələn dinamik bir proses kimi dəyərləndirilməlidir”.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.