Şuşa.Trend:
Köklü xalqların hüquqlarının nəzərə alınmaması tarixdə dərin izlər buraxır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki , bunu Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən əməllər" mövzusunda panel müzakirəsində Litvadakı Ümumdünya Çərkəz Agentliyinin həmtəsisçisi və sədri Fatimat Kardanova deyib.
"Köklü xalqların hüquqlarına məhəl qoyulmaması və onların zorla unifikasiyasına yönəlmiş cəhdlər tarixdə dərin izlər buraxır və bütün xalqlara ağır travmalar yaşadır. Bunun ən bariz nümunələrindən biri çərkəz məsələsidir. Bu gün çərkəzlərin 90 faizdən çoxu öz vətənindən kənarda yaşayır. Bəzi statistik məlumatlara görə, onların cəmi 10 faizi doğma yurdunda qalıb", – deyə o bildirib.
Kardanova bu mühüm beynəlxalq platformanın yaradılmasına görə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkür edib. Onun sözlərinə görə, bu konfrans böyük bir prosesin başlanğıcı hesab oluna bilər.
"Azərbaycan Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşına həsr olunan beynəlxalq forumların keçirilməsi üçün mühüm platformaya çevrilə bilər. Çərkəzlər çərkəz dilinin və mədəniyyətinin qorunması məsələsində Azərbaycandan dəstək gözləyirlər. Bu dil və mədəniyyət hazırda Rusiyanın təzyiqi ilə üzləşir", – deyə o əlavə edib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.