Bakı.Trend:
Bakıda ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) tərəfindən təşkil olunan XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimi keçirilir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bu il 20 illiyini qeyd edən beynəlxalq təhsil proqramı "Enerji təhlükəsizliyi və innovasiyalar" şüarı altında keçirilir.
İki həftə davam edəcək proqram müxtəlif ölkələrdən dövlət qurumlarının nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, beynəlxalq təşkilatların təmsilçilərini, akademik dairələrin nümayəndələrini və gənc mütəxəssisləri bir araya gətirəcək.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, qlobal enerji bazarlarında mövcud tendensiyalar, geosiyasi çağırışlar, enerji diplomatiyası, "yaşıl" enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji sektoruna investisiyalar, eləcə də Azərbaycanın transformasiya olunan qlobal enerji sistemində strateji rolu ilə bağlı aktual məsələlər müzakirə olunacaq.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və "GL Group"-un xarici əlaqələr və kommunikasiya üzrə qrup vitse-prezidenti İlqar İbrahimli nitq ilə çıxış edəcəklər.
Tədbir çərçivəsində ADA Universiteti ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) arasında Anlaşma Memorandumu imzalanacaq.
Sənəd "təmiz" enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və bu istiqamətdə regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Xəbər yenilənəcək