Bakı.Trend:
Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri hüquqların məhdudlaşdırılması deyil, uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş addımdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Deputat bildirib ki, müasir dövrdə uşaqlar yalnız fiziki mühitdə deyil, rəqəmsal məkanda da müxtəlif risklərlə üz-üzə qalırlar.
“Kibertəhdidlər, şəxsi məlumatların oğurlanması, onlayn zorakılıq, zərərli kontent, psixoloji manipulyasiya və müxtəlif cinayət xarakterli halların qarşısının alınması dövlətlərin əsas vəzifələrindən birinə çevrilib. Azərbaycan dövləti də bu istiqamətdə beynəlxalq tendensiyaları nəzərə alaraq qabaqlayıcı addımlar atır”, – deyə o vurğulayıb.
Deputat qeyd edib ki, Milli Məclisdə son illərdə uşaqların müdafiəsi, kibertəhlükəsizlik və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları ilə bağlı çoxsaylı ictimai dinləmələr keçirilib, ekspert rəyləri öyrənilib və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
“Yeni tənzimləmə də məhz uşaqların təhlükəsiz inkişaf hüququnun qorunmasına yönəlmiş hüquqi mexanizm kimi qiymətləndirilməlidir”, – deyə o əlavə edib.
Deputatın sözlərinə görə, qəbul edilən dəyişikliklərin əsas məqsədlərindən biri valideyn məsuliyyətinin və nəzarət imkanlarının gücləndirilməsidir.
“Son illərdə aparılan araşdırmalar göstərir ki, bir çox hallarda valideynlər uşaqlarının internet fəaliyyətindən tam məlumatlı olmur və onların hansı platformalarda, hansı məzmunlarla qarşılaşdığını izləyə bilmirlər. Yeni hüquqi mexanizmlər valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə daha yaxından nəzarət etməsinə şərait yaradacaq. Bu, yalnız qadağa xarakteri daşımır, eyni zamanda valideyn-övlad münasibətlərində rəqəmsal təhlükəsizlik mövzusunun daha geniş müzakirə edilməsinə imkan verir”, – deyə M.Vəliyeva bildirib.
O vurğulayıb ki, dövlət ailəni uşağın inkişafında əsas sosial institut hesab edir və yeni tənzimləmələr də ailənin bu prosesdə rolunu artırmağa xidmət edir.
“Valideynlərin maarifləndirilməsi, məktəblərlə əməkdaşlığın genişləndirilməsi və rəqəmsal təhlükəsizlik sahəsində biliklərin artırılması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır”, – deyə deputat qeyd edib.
Mehriban Vəliyeva hesab edir ki, müasir dövrdə uşaqları tamamilə rəqəmsal mühitdən təcrid etmək nə mümkün, nə də məqsədəuyğundur.
“Əsas hədəf onların texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadə bacarıqlarının formalaşdırılmasıdır. Bu baxımdan qəbul edilən dəyişikliklər mərhələli hazırlıq modelinə əsaslanır. Rəqəmsal savadlılıq artıq oxu və yazı bacarığı qədər vacib hesab olunur. Uşaqlar yaşlarına uyğun şəkildə internetdən istifadə etməyi, şəxsi məlumatlarını qorumağı, dezinformasiyanı tanımağı və onlayn davranış qaydalarına əməl etməyi öyrənməlidirlər. Bunun üçün həm ailə, həm məktəb, həm də dövlət institutları birgə fəaliyyət göstərməlidir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya sahəsində böyük uğurlar əldə edib.
“Rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik istiqamətində qəbul edilən dövlət proqramları göstərir ki, məqsəd texnologiyaların inkişafını məhdudlaşdırmaq deyil, onları təhlükəsiz və səmərəli şəkildə cəmiyyətin xidmətinə verməkdir. Uşaqların sosial şəbəkələrə mərhələli şəkildə hazırlanması da bu ümumi strategiyanın tərkib hissəsidir”, – deyə M.Vəliyeva əlavə edib.
Deputat bildirib ki, Azərbaycanın seçdiyi yanaşma dünya miqyasında müşahidə olunan tendensiyalarla tam uyğunluq təşkil edir.
“Son illərdə Avstraliya, Fransa, Böyük Britaniya, ABŞ-ın bir sıra ştatları və digər ölkələr uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər və yaş təsdiqləmə mexanizmləri tətbiq etməyə başlayıblar. BMT-nin Uşaq Hüquqları Konvensiyası da dövlətlərin uşaqları rəqəmsal risklərdən qorumaq öhdəliyini nəzərdə tutur. Avropa Şurası və Avropa İttifaqı çərçivəsində qəbul edilən sənədlərdə də uşaqların onlayn mühitdə təhlükəsizliyinin təmin olunması prioritet istiqamət kimi müəyyənləşdirilib”, – deyə o vurğulayıb.
M.Vəliyevanın sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı keçirilən dinləmələrdə beynəlxalq təcrübə geniş şəkildə araşdırılıb, müxtəlif ölkələrin modelləri müqayisə edilib və Azərbaycan reallıqlarına uyğun hüquqi mexanizmlər hazırlanıb.
“Bu baxımdan qəbul edilən dəyişikliklər qlobal çağırışlara cavab verən və beynəlxalq standartlarla uzlaşan müasir yanaşma hesab oluna bilər”, – deyə deputat bildirib.
Deputat hesab edir ki, qanunvericilik dəyişikliklərinin ən mühüm nəticələrindən biri ölkədə sağlam rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verməsi olacaq.
“Uşaqlar internetdən istifadə zamanı yalnız texniki biliklər deyil, eyni zamanda etik davranış qaydaları, informasiya təhlükəsizliyi və rəqəmsal məsuliyyət prinsiplərini də mənimsəyəcəklər. Bu dəyişikliklər məktəblərdə rəqəmsal savadlılıq proqramlarının genişlənməsini, valideyn maarifləndirilməsinin güclənməsini və texnologiyalardan təhlükəsiz istifadə vərdişlərinin inkişafını stimullaşdıracaq. Nəticədə gələcək nəsillər həm rəqəmsal imkanlardan effektiv istifadə edə bilən, həm də informasiya təhlükəsizliyi sahəsində yüksək şüura malik vətəndaşlar kimi formalaşacaqlar”, – deyə o qeyd edib.
Deputat vurğulayıb ki, yeni tənzimləmə uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil, onları bu dünyaya daha hazırlıqlı, daha təhlükəsiz və daha məsuliyyətli şəkildə daxil etmək məqsədi daşıyır: "Bu isə uzunmüddətli perspektivdə həm milli təhlükəsizliyin, həm də sağlam informasiya cəmiyyətinin formalaşmasına xidmət edən mühüm addımdır”, – deyə M.Vəliyeva əlavə edib.
