Bakı. Trend:
Azərbaycan Respublikasında rəqəmsal transformasiya artıq yalnız texnoloji yenilənmə məsələsi deyil, dövlət idarəçiliyinin, iqtisadi inkişafın, milli təhlükəsizliyin və strateji dayanıqlığın əsas istiqamətlərindən birinə çevrilib. Məhz bu baxımdan, 2026-cı il iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi xüsusi siyasi və institusional əhəmiyyət daşıyır. Bu iclas təkcə yeni bir idarəetmə mexanizminin fəaliyyətə başlaması deyil, həm də Azərbaycanın rəqəmsal dövrdə təhlükəsizlik, suverenlik və idarəetmə modelini daha müasir əsaslar üzərində qurmaq iradəsinin nümayişidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması göstərir ki, dövlət rəqəmsal inkişafı ayrıca texniki sahə kimi deyil, milli inkişaf strategiyasının və dövlət təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi qiymətləndirir. İyunun 29-da keçirilən ilk iclas isə bu strateji xəttin praktik mərhələyə keçdiyini göstərdi.
Bu proseslərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu ayrıca vurğulanmalıdır. İlk növbədə, onun Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi bu məsələnin dövlət siyasətində nə qədər yüksək prioritet daşıdığını nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi rəqəmsal inkişaf prosesinə həm siyasi legitimlik, həm də institusional çeviklik qazandırır. O, illərdir Azərbaycanın humanitar, sosial, mədəni və beynəlxalq təşəbbüslərində yüksək idarəçilik keyfiyyəti nümayiş etdirən dövlət xadimi kimi tanınır. İndi isə həmin idarəçilik təcrübəsi rəqəmsal transformasiya və milli təhlükəsizliklə bağlı yeni mərhələyə yönəldilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə rolu yalnız iclasa sədrlik etməklə məhdudlaşmır. Onun çıxışında səslənən fikirlər göstərir ki, söhbət rəqəmsal inkişafı milli maraqlara uyğun, sistemli və məqsədyönlü şəkildə idarə etməkdən gedir. Xüsusilə beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, qərarların Azərbaycanın milli maraqları və ehtiyacları əsasında qəbul edilməsinin vurğulanması olduqca mühüm mesajdır. Bu yanaşma onu göstərir ki, Azərbaycan rəqəmsal modernləşməni kor-koranə kopyalama yolu ilə deyil, öz dövlətçilik maraqlarına uyğunlaşdırılmış model əsasında qurmaq niyyətindədir. Məhz burada Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi uzaqgörənliyi və dövlətçilik məsuliyyəti ön plana çıxır.
Birinci vitse-prezident Mehriban Əliyevanın prosesdəki rolunun digər mühüm tərəfi rəqəmsal inkişafın insan yönümlü xarakterinin qorunmasıdır. Rəqəmsallaşma yalnız texnologiyanın tətbiqi deyil; bu, vətəndaş-məmur münasibətlərinin dəyişməsi, dövlət xidmətlərinin sadələşməsi, şəffaflığın artması, sosial xidmətlərə çıxışın genişlənməsi və nəticədə vətəndaş məmnunluğunun yüksəlməsi deməkdir. Birinci vitse-prezident Mehriban Əliyevanın sosial məsələlərə həssas münasibəti və humanist idarəçilik üslubu bu prosesin yalnız texniki deyil, həm də sosial cəhətdən balanslı aparılmasına əlavə təminat verir.
Rəqəmsal İnkişaf Şurasının ölkənin təhlükəsizlik sistemində rolu xüsusilə böyükdür. Müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması, hərbi güc və hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmır. Kiberhücumlar, informasiya müharibəsi, dövlət məlumat bazalarına müdaxilə, rəqəmsal infrastrukturun iflic edilməsi cəhdləri, dezinformasiya kampaniyaları və süni intellektdən qaynaqlanan yeni risklər təhlükəsizlik sisteminin mahiyyətini köklü şəkildə dəyişib. Bu şəraitdə rəqəmsal təhlükəsizlik dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Şuranın fəaliyyət istiqamətlərində kibertəhlükəsizlik, süni intellektin idarə olunması, dövlət informasiya resurslarının qorunması, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və vahid rəqəmsal idarəetmə modelinin qurulması kimi məsələlərin yer alması təsadüfi deyil.
Birinci iclasda səslənən məqamlar da göstərdi ki, qarşıdakı illər üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrini əhatə edən konkret yol xəritəsi müəyyənləşdirilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdim etdiyi məlumata əsasən, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı 58 təşəbbüsü əhatə edir. Bu təşəbbüslər təkcə xidmətlərin elektronlaşdırılmasına yox, həm də dövlətin çevikliyinin, təhlükəsizlik dayanıqlığının və qərarvermə keyfiyyətinin artırılmasına hesablanıb. Başqa sözlə, burada söhbət sadəcə “rəqəmsal rahatlıqdan” deyil, daha güclü, daha çevik və daha müdafiəli dövlət modelinin formalaşdırılmasından gedir.
Bu gün Azərbaycan postmüharibə dövrünün yeni inkişaf mərhələsindədir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd”, rəqəmsal idarəetmə və müasir infrastruktur layihələri həyata keçirilir. Dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın innovativ əsaslara keçirilməsi və təhlükəsizlik sisteminin yeni risklərə uyğunlaşdırılması bir-biri ilə sıx bağlı proseslərdir. Rəqəmsal İnkişaf Şurası məhz bu böyük transformasiyanın koordinasiya mərkəzi kimi çıxış edir. Şuranın ilk iclası göstərdi ki, Azərbaycan bu istiqamətdə epizodik addımlarla deyil, aydın strategiya, siyasi iradə və güclü institusional çərçivə ilə irəliləyir.
Əminə Ağazadə Milli Məclisin deputatı