Bakı. Trend:
Ermənistanda ictimai rəyin müəyyən hissəsində müşahidə olunan radikal yanaşmalar regionda davamlı sülhün qarşısındakı əsas maneələrdən birinin uzun illər ərzində formalaşdırılmış nifrət ideologiyası olduğunu göstərir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Gümrü sakinləri arasında keçirilən sorğuda səslənən fikirlər bunu açıq şəkildə nümayiş etdirir.
"Respondentlərdən biri "Nikol Paşinyan bizi daim müharibə ilə qorxudur. Amma müharibə artıq gəlib çatıb. Mübarizə aparmaq və özünü müdafiə etmək istəməyənlər yüz il əvvəl erməni xalqının məhv edildiyi kimi sadəcə yox olacaqlar" deyərək cəmiyyətdə qorxu və qarşıdurma ritorikasının hələ də güclü olduğunu göstərib. Digər respondent isə "Mən heç vaxt türkə etibar etməmişəm və etməyəcəyəm. Hansı sülhdən söhbət gedə bilər? Bakı və Sumqayıtda da ermənilər yaşayırdı, indi onlar haradadır?" fikri ilə etnik nifrətin nə qədər dərin kök saldığını nümayiş etdirib", - deyə o qeyd edib.
V.İskəndərov vurğulayıb ki, bu cür yanaşmalar təsadüfi deyil.
"Ermənistan cəmiyyətində türk və azərbaycanlılara qarşı mənfi münasibətin yenidən gündəmə gətirilməsi son onilliklər ərzində dövlət səviyyəsində aparılmış ideoloji təbliğatın nəticəsi kimi qiymətləndirilməlidir. Uzun müddət davam edən bu siyasət artıq ayrı-ayrı fərdlərin emosional münasibətini aşaraq patoloji xarakter alıb və cəmiyyətin müəyyən hissəsinin dünyagörüşünə çevrilib. Belə şəraitdə yalnız siyasi bəyanatlarla sülhə nail olmaq mümkün deyil. Əgər nifrət düşüncəsi aradan qaldırılmasa, regionda etimad mühitinin formalaşması da çətin olacaq", - deyə deputat əlavə edib.
Deputatın sözlərinə görə, Ermənistan dövləti nifrət nitqinə qarşı prinsipial mövqe ortaya qoymalı, cəmiyyətdə barış və qarşılıqlı hörmət mədəniyyətinin formalaşdırılması üçün real addımlar atmalıdır.
"Xüsusilə təhsil sistemində tolerantlıq, multikulturalizm və fərqli xalqlara hörmət prinsiplərinin tədrisi genişləndirilməli, gənc nəslin düşmən obrazı üzərində deyil, sülh və birgəyaşayış dəyərləri əsasında yetişdirilməsi təmin edilməlidir", - deyə o bildirib.
V.İskəndərov qeyd edib ki, Azərbaycan bu istiqamətdə praktik nümunə ortaya qoyan ölkələrdən biridir.
"Müxtəlif dinlərin və xalqların nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan multikulturalizm modelini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Regionun gələcəyi də məhz nifrət ideologiyasının deyil, qarşılıqlı etimad və əməkdaşlıq prinsipinin üstün tutulmasından keçir", - deyə deputat fikrini tamamlayıb.