Bakı. Trend:
Müasir hüquq nəzəriyyəsində qəbul olunmuş əsas prinsiplərdən biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsipə görə hüquq münasibətlərinin iştirakçıları öz hüquq və vəzifələrini əvvəlcədən bilməli, qanunvericilikdə istifadə olunan anlayışlar isə birmənalı və aydın olmalıdır.
Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı nəticəsində son illərdə hüquqi dövriyyəyə çoxsaylı yeni anlayışlar daxil olub. Lakin əsasən obyektiv səbəblərdən bu anlayışların əhəmiyyətli hissəsinin qanunvericilikdə vahid və sistemli tərifi mövcud deyildi. Bu isə həm hüquqtətbiqetmə praktikasında, həm də investisiya mühitində müəyyən qeyri-müəyyənlik yaradırdı.
Məhz buna görə də qanunvericilikdə ilk dəfə olaraq "rəqəmsal texnologiyalar", "süni intellekt", "innovasiya məhsulu", "kibertəhlükəsizlik", "texnologiya transferi" və "frilanser fəaliyyəti" anlayışlarının hüquqi baxımdan müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu dəyişikliklər zahirən terminoloji xarakter daşısa da, əslində onların hüquqi və iqtisadi təsirləri daha genişdir. Çünki hər hansı sahənin inkişafı ilk növbədə onun hüquqi sərhədlərinin müəyyən olunmasından başlayır. Yeni anlayışların qanunvericilikdə təsbit olunması gələcək normativ tənzimləmələrin, vergi mexanizmlərinin, dövlət dəstəyi proqramlarının və investisiya münasibətlərinin formalaşdırılması üçün baza yaradır.
Başqa sözlə, Azərbaycan rəqəmsal iqtisadiyyatın hüquqi xəritəsini formalaşdırmağa başlayıb və bu proses uğurla davam etdirilir.
Qlobal təcrübə göstərir ki, rəqəmsallaşma yalnız texnologiya məsələsi deyil. Bu proses dövlət idarəçiliyindən tutmuş maliyyə sisteminə, təhsildən təhlükəsizliyə qədər bütün sahələri əhatə edir. Buna görə də rəqəmsal transformasiyanın uğuru vahid koordinasiya mexanizmlərinin mövcudluğundan birbaşa asılıdır.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması da məhz bu zərurətdən irəli gəlir. Şura rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində dövlət siyasətinin vahid strateji yanaşma əsasında həyata keçirilməsini təmin etməlidir.
Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər göstərir ki, gələcəkdə bütün dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt üzrə məsul şəxslərin müəyyən edilməsi, rəqəmsal layihələrin vahid arxitektura əsasında həyata keçirilməsi, rəqəmsal inkişaf xərclərinin mərkəzləşdirilmiş qaydada əlaqələndirilməsi və nəticəyönümlü monitorinq mexanizmlərinin tətbiqi planlaşdırılır.
Bu yanaşma dövlət idarəçiliyində parçalanmış rəqəmsallaşma modelindən sistemli rəqəmsal idarəetmə modelinə keçidi təmin edə bilər.
Müasir dünyada suverenlik anlayışı yeni məzmun qazanır. Əgər əvvəlki dövrlərdə dövlətlərin müstəqilliyi əsasən ərazi bütövlüyü, hərbi güc və iqtisadi potensialla müəyyən edilirdisə, indi məlumatlar, rəqəmsal platformalar, hesablama gücü və süni intellekt texnologiyaları da suverenliyin mühüm elementlərinə çevrilib.
Bu səbəbdən son illərdə "rəqəmsal suverenlik" anlayışı beynəlxalq hüquqi və siyasi leksikonda xüsusi yer tutmağa başlayıb.
ABŞ, Çin, Avropa İttifaqı, Hindistan və digər aparıcı güclər milli məlumat məkanlarının qorunması, strateji texnologiyalar üzərində nəzarətin saxlanılması və milli süni intellekt platformalarının yaradılması istiqamətində geniş proqramlar həyata keçirirlər.
Azərbaycanın yeni rəqəmsal gündəliyi də məhz bu tendensiyalarla səsləşir.
Fəaliyyət Planında dövlət informasiya sistemlərinin "Hökumət buludu"na tam inteqrasiyası, dövlət məlumat hövzəsinin yaradılması, açıq məlumatların vahid platformalarda cəmləşdirilməsi, dövlət xidmətlərinin "MyGov" və "MyGov Biznes" üzərindən təqdim olunması, məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş idarə olunması kimi tədbirlər nəzərdə tutulur.
Bu addımlar yalnız idarəetmənin səmərəliliyinə deyil, həm də milli rəqəmsal suverenliyin möhkəmləndirilməsinə xidmət edir.
Qanunvericilikdə süni intellekt anlayışının ilk dəfə təsbit olunması xüsusi diqqətə layiqdir.
Çünki süni intellekt artıq sadəcə proqram təminatı deyil. O, maliyyə sektorunda kredit qərarlarına, səhiyyədə diaqnostik proseslərə, dövlət idarəçiliyində qərar qəbuletmə mexanizmlərinə və hüquq münasibətlərinə təsir göstərən mürəkkəb texnoloji institutdur.
Məhz buna görə dünyanın aparıcı ölkələri süni intellektin hüquqi tənzimlənməsi istiqamətində yeni yanaşmalar tətbiq etməyə başlayıblar.
Avropa İttifaqının AI Act sənədi, ABŞ-də qəbul olunan etik çərçivələr və Böyük Britaniyanın risk əsaslı yanaşması göstərir ki, gələcəyin hüquq sistemləri süni intellektlə bağlı məsuliyyət, şəffaflıq, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi prinsipləri üzərində qurulacaq.
Azərbaycan da bu prosesdən nəinki kənarda qalmır, əksinə davamlı və sistemli yanaşma nümayiş etdirir.
2026–2028-ci illər üzrə Fəaliyyət Planında Milli GPU əsaslı Superkompüter Mərkəzinin yaradılması, Azərbaycan dili üzrə Böyük Dil Modellərinin hazırlanması, dövlət xidmətlərində süni intellekt əsaslı virtual köməkçilərin tətbiqi, "Tənzimləyici Test Mühiti"nin formalaşdırılması və süni intellekt sistemlərində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.
Bu tədbirlər Azərbaycanın süni intellekt texnologiyalarının sadəcə istifadəçisi deyil, həm də istehsalçısı olmaq niyyətini göz önünə sərgiləyir.
Rəqəmsal iqtisadiyyatın əsas xüsusiyyətlərindən biri innovasiya əsaslı inkişaf modelidir. Lakin innovasiya ideyasının iqtisadi məhsula çevrilməsi üçün yalnız yaradıcı potensial kifayət etmir. Bunun üçün əlverişli hüquqi və maliyyə mühiti formalaşdırılmalıdır.
Məhz bu səbəbdən vençur kapitalı fondlarının hüquqi statusunun müəyyənləşdirilməsi və kiçik, orta həcmli fondlar üçün sadələşdirilmiş qeydiyyat mexanizminin yaradılması son islahatların ən mühüm istiqamətlərindən biri hesab edilə bilər.
Vençur kapitalı yüksək riskli, lakin yüksək gəlir potensialına malik innovasiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunan mexanizmdir. ABŞ, İsrail, Sinqapur və Cənubi Koreya kimi texnoloji lider ölkələrin təcrübəsi göstərir ki, innovasiya iqtisadiyyatının inkişafında risk kapitalı həlledici rol oynayır.
Azərbaycanda vençur fondlarının hüquqi əsaslarının yaradılması startapların maliyyələşməsini asanlaşdıracaq, innovativ məhsulların bazara çıxışını sürətləndirəcək və özəl investisiyaların texnologiya sektoruna yönəlməsini təşviq edəcək.
Eyni zamanda kraudfandinq mexanizmlərinin, "mələk investor" institutunun və birgə "Fondlar Fondu" modelinin yaradılması innovasiya ekosisteminin maliyyə dayaqlarının gücləndirilməsinə xidmət edir.
Zənnimcə, qanunvericilikdə texnologiya transferi anlayışının müəyyənləşdirilməsi də strateji əhəmiyyət daşıyan yeniliklər sırasındadır.
Müasir innovasiya iqtisadiyyatında universitetlər və elmi-tədqiqat institutları yalnız təhsil və elm müəssisələri deyil, həm də yeni texnologiyaların yaranma mənbəyi hesab olunur.
Lakin bir çox hallarda elmi nəticələr bazara çıxmadığı üçün iqtisadi dəyərə çevrilə bilmir.
Texnologiya transferinin hüquqi mexanizmlərinin formalaşdırılması elmi nəticələrin kommersiyalaşdırılmasını sürətləndirəcək, intellektual mülkiyyətin iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradacaq və universitet-sənaye əməkdaşlığını gücləndirəcək.
Yeni qanunvericilik təşəbbüslərində diqqət çəkən məqamlardan biri də frilanser fəaliyyətinin hüquqi statusunun müəyyən edilməsidir.
Rəqəmsal iqtisadiyyatın inkişafı nəticəsində əmək bazarında klassik işçi-məşğulluq münasibətləri dəyişir. Dünyanın müxtəlif ölkələrində milyonlarla insan proqramlaşdırma, dizayn, marketinq, kibertəhlükəsizlik və digər xidmətləri sərhədlərarası qaydada təqdim edir.
Frilanser fəaliyyətinin hüquqi çərçivəyə salınması həm vergi münasibətlərinin şəffaflaşdırılmasına, həm də Azərbaycanın rəqəmsal xidmət ixracatçısı kimi mövqeyinin güclənməsinə imkan yaradacaq.
Rəqəmsallaşma dərinləşdikcə kibertəhlükələr də artır. Buna görə də kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsidir.
Fəaliyyət Planında milli səviyyədə kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə operativ reaksiya sistemlərinin qurulması, vahid kibertəhlükəsizlik platformasının yaradılması və bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu tədbirlər ölkənin kritik informasiya infrastrukturlarının qorunmasına, rəqəmsal xidmətlərin dayanıqlılığının təmin edilməsinə və milli kibermüdafiə imkanlarının gücləndirilməsinə xidmət edir.
Rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri dövlət-vətəndaş münasibətlərinin yeni modelinin formalaşmasıdır.
Fəaliyyət Planında "bir pəncərə", "yalnız bir dəfə", "kağızsız hökumət", proaktiv xidmətlər və bütün dövlət xidmətlərinin vahid platformalarda təqdim edilməsi prinsipləri əksini tapıb.
Bu modelin mahiyyəti ondan ibarətdir ki, vətəndaş eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməməli, dövlət isə öz informasiya ehtiyatlarından istifadə edərək xidmətləri avtomatik və proaktiv qaydada təqdim etməlidir.
Bu, klassik bürokratik idarəetmədən rəqəmsal idarəetməyə keçidin hüquqi əsaslarını formalaşdırır və dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artmasına və korrupsiya risklərinin azalmasına şərait yaradır.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni rəqəmsal inkişaf gündəliyi göstərir ki, Azərbaycan qarşıdakı illərdə yalnız rəqəmsallaşan dövlət deyil, rəqəmsal texnologiyalar yaradan, innovasiya ixrac edən və süni intellekt sahəsində milli potensial formalaşdıran ölkəyə çevrilməyi hədəfləyir.
Bu məqsədə nail olmaq üçün isə texniki infrastrukturlarla yanaşı, müasir hüquqi ekosistemin yaradılması həlledici əhəmiyyət daşıyır. Rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulları, texnologiya transferi, vençur kapitalı, kibertəhlükəsizlik və frilanser fəaliyyətinin hüquqi baxımdan müəyyənləşdirilməsi Azərbaycanın rəqəmsal inkişaf modelinin normativ sütunlarını formalaşdırır.
Buna görə də hazırda həyata keçirilən dəyişikliklər sadəcə rəqəmsallaşma proqramı deyil. Bu, Azərbaycanın milli inkişaf strategiyasının yeni mərhələsini təşkil edən, rəqəmsal suverenliyi, innovasiya iqtisadiyyatını və müasir dövlət idarəçiliyini özündə birləşdirən genişmiqyaslı hüquqi transformasiya prosesidir.
Elçin Mirzəbəyli Milli Məclisin deputatı