Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sosial şəbəkə platforması "X" hesabında paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüş keçirib.
"Görüş zamanı tərəflər Azərbaycan ilə Dünya Bankı arasında mövcud əməkdaşlığın vəziyyətini, 2025–2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətlərini, həmçinin bu proqram çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyətini müzakirə ediblər.
Bundan əlavə, görüş iştirakçıları qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, bundan əvvəl Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Ştallmayster Trend-ə eksklüziv müsahibəsində bildirmişdi ki, bank Azərbaycanla 30 ildən artıq əməkdaşlıq dövründə müxtəlif layihələrə milyardlarla dollar investisiya yatırıb.
"Hazırda həyata keçirilən təşəbbüslər sırasında şəhər inkişafı layihəsi, Su Ehtiyatları Dövlət Agentliyi (ASRA) ilə su itkilərinin azaldılması istiqamətində əməkdaşlıq, eləcə də Kənd Təsərrüfatı Nazirliyinə suvarma sistemlərinin modernləşdirilməsi və iqlimə davamlı kənd təsərrüfatı metodlarının tətbiqi sahəsində dəstək göstərilməsi yer alır", - deyə o bildirib.