Bakı. Trend:
Azərbaycan və İsveçrə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovnın rəhbərlik etdiyi nümayəndə heyəti Daşkəndə işgüzar səfər çərçivəsində Martin Schlegel, Christoph König və Pietro Lazzarininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər Azərbaycan və İsveçrənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluqlarını ifadə edib, qlobal və regional iqtisadi proseslər, Azərbaycandakı cari makroiqtisadi vəziyyət və ölkənin maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıblar.
AMB-nin məlumatına əsasən, tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Xatırladaq ki, daha əvvəl İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Trend-ə eksklüziv açıqlamasında Cənubi Qafqaz regionunda 2026–2029-cu illəri əhatə edən yeni regional proqram həyata keçirdiyini bildirmişdi.
Katibliyin məlumatına görə, Azərbaycanda həyata keçirilən layihələr makroiqtisadi dəstək, özəl sektor üçün əlverişli şəraitin yaxşılaşdırılması və biznes mühitinin təkmilləşdirilməsinə yönəlib.
SECO qeyd edib ki, yeni proqram əvvəlki təşəbbüslərin nəticələrinə əsaslanmaqla yanaşı, insan təhlükəsizliyi və davamlı sülhün təşviqi, vətəndaş fəallığı və demokratik institutların inkişafı, iqlim dayanıqlığının artırılması, təbii ehtiyatların davamlı idarə olunması, həmçinin inklüziv və “yaşıl” iqtisadi imkanların genişləndirilməsi kimi prioritet istiqamətlərə xüsusi diqqət ayırır.
Məlumata görə, hazırda SECO Azərbaycanda kənd əhalisinin maliyyə resurslarına çıxışının genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektlərində innovasiyaların dəstəklənməsi və makroiqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində proqramlar həyata keçirir.
Bundan əlavə, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi regional proqramlar vasitəsilə Cənubi Qafqaz Geoparklar Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəkləyir. Layihənin məqsədi biomüxtəlifliyin və geoloji irsin qorunması ilə yanaşı, dayanıqlı gəlir mənbələrinin formalaşdırılması və regional əməkdaşlığın inkişafına töhfə verməkdir.
SECO həmçinin İsveçrə şirkətləri və müvafiq biznes assosiasiyaları ilə sıx koordinasiyanı davam etdirdiyini, məqsədəuyğun hallarda özəl sektorun layihələrdə iştirakını təşviq etdiyini vurğulayıb.
Katibliyin məlumatına görə, qurum İsveçrə təcrübəsinə əsaslanaraq maliyyə sektorunun modernləşdirilməsinə və şaxələndirilməsinə, eləcə də dövlət maliyyəsinin idarə olunması sisteminin gücləndirilməsinə xüsusi önəm verir. Dəstəklənən təşəbbüslər nəticəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən KOB-lar üçün məsləhət xidmətlərinin keyfiyyəti və əlçatanlığı artıb, yeni elektron xidmətlərin tətbiqi isə xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verib. SECO yaxın illərdə bu nailiyyətləri daha da inkişaf etdirməyi hədəfləyir.