Bakı. Trend:
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri həm ikitərəfli münasibətlər, həm də regionun gələcək inkişafı baxımından mühüm siyasi hadisədir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur:
“Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi tərəfdaşlıq istiqamətlərində əldə olunan razılaşmalar gələcək əməkdaşlığın daha da genişlənəcəyini göstərir.
Azərbaycan artıq uzun illərdir ki, Avropanın etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda ölkəmizin rolu daha da artıb. Bu gün Azərbaycan yalnız təbii qaz ixrac edən dövlət deyil, həm də yaşıl enerji sahəsində böyük potensiala malik ölkə kimi Avropa üçün strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, Ursula fon der Lyayenin bu səfəri enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsinə, yeni investisiyaların cəlb olunmasına və birgə layihələrin reallaşdırılmasına mühüm təkan verəcək.
Diqqətçəkən məqamlardan biri də Avropa Komissiyasının Prezidenti tərəfindən Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın dəstəklənməsi ilə bağlı verilən mesajlar oldu. Bu yanaşma Azərbaycanın regionda uzunmüddətli sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə getdikcə daha geniş dəstək qazandığını göstərir.
Hesab edirəm ki, Azərbaycan bu gün yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağı, yaşıl enerji layihələrinin təşəbbüskarı və beynəlxalq əməkdaşlıq platformalarının fəal iştirakçısı kimi də strateji əhəmiyyətini artırmaqdadır. Xəzər regionundan Avropaya uzanan yeni iqtisadi və logistika marşrutlarında Azərbaycanın rolu ildən-ilə daha da güclənir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən enerji diplomatiyası nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilib:
“Cənub Qaz Dəhlizi artıq öz səmərəliliyini sübut edib və gələcəkdə bu marşrut vasitəsilə Avropaya nəql olunan enerji həcmlərinin artırılması üçün geniş imkanlar mövcuddur. Bununla yanaşı, Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması və yaşıl enerjinin Avropa bazarına ixracı istiqamətində əməkdaşlıq yeni perspektivlər açır.
Səfər zamanı səsləndirilən fikirlər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan etibarlı dövlət kimi qiymətləndirir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasının və balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsidir.
Hesab edirəm ki, bu səfər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Enerji, yaşıl iqtisadiyyat, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya və investisiya əməkdaşlığı istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşır. Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, ölkəmizin iqtisadi inkişafına və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”.