Bakı. Trend:
Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Terrorizm heç bir şəraitdə və ya bəhanə ilə əsaslandırıla bilməz.
Bu fikirləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasında “BMT-nin Qlobal Terrorizmlə Mübarizə Strategiyası” mövzusunda keçirilən plenar iclasda səsləndirib.
Bildirib ki, terrorizm regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olaraq qalır. “Dünyanın bəzi bölgələrində, o cümlədən regionumuzda terrorizmdən ərazi iddialarını irəli sürmək, separatizmi qızışdırmaq və suveren dövlətlərə qarşı təcavüzü dəstəkləmək məqsədilə müharibə vasitəsi kimi istifadə olunub. Bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və birliyinə hörmət bir daha təsdiqlənməlidir. Terror aktlarını törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prioritet olaraq qalmalı, cəzasızlığa qarşı sıfır tolerantlıq nümayiş etdirilməlidir”, – deyə daimi nümayəndə vurğulayıb.
Çıxışının sonunda Tofiq Musayev qeyd edib ki, BMT-nin Qlobal Terrorizmlə Mübarizə Strategiyasının səmərəli icrası prioritet olaraq qalır və bu məqsədə yalnız səmimi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür.