Bakı. Trend:
2026/2027-ci tədris ili üzrə tələbələrin xarici ali təhsil müəssisələrindən yerdəyişməsi başlayır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sosial media hesabında yer alan məlumata görə, qismən akademik tanınma haqqında şəhadətnaməni əldə edən tələbələr 13 iyul 2026-cı il saat 10:00-dan 19 iyul 2026-cı il saat 18:00-dək portal.edu.az platforması vasitəsilə müraciət edərək yerdəyişmə prosesində iştirak edə bilərlər.
Şəhadətnamə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə edilmiş kvalifikasiyaların qismən akademik tanınmasını təsdiq edən sənəd hesab olunur. Qismən akademik tanınma haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunur.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, sözügedən şəhadətnamənin əldə edilməsi üçün müraciət müddəti 7 iyul 2026-cı il saat 18:00-dək uzadılıb.