Paris.Trend:
"Visa" banklara real vaxt rejimində fərdiləşdirmə modelindən istifadə etməyi təklif edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Visa Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında çıxışı zamanı "Visa"nın CEMEA regionu üzrə "Visa Consulting & Analytics" istiqamətinin rəhbəri, baş vitse-prezidenti Nikolas Xuri deyib.
Onun sözlərinə görə, "Visa" patentləşdirilmiş texnologiya - kart sahibinin daim yenilənən çoxölçülü profilini formalaşdıran müştəri davranışının təhlili modelini hazırlayıb.
"Biz "customer behavioristic" model adlandırdığımız modeli yaratmışıq. Bu model kart sahibinin kim olduğunu əks etdirən çoxölçülü mənzərə formalaşdırır. Bu, sadəcə bir seqment deyil, restoran seçimləri, səyahət tərzi, həyat tərzi, maraq dairələri və fəaliyyətləri özündə birləşdirən dinamik, canlı profildir və bütün bunlar real vaxt rejimində yenilənir", - deyə Xuri bildirib.
Onun sözlərinə görə, "Visa" bu model əsasında müştərilər üçün fərdiləşdirilmiş səyahət təcrübəsi yaradan "Visa Trip Intelligence" adlı yeni həlli istifadəyə verib.
"Visa Trip Intelligence bütün bu siqnalları toplayaraq restoranlar, fəaliyyət növləri və "Visa" ilə bankların uyğun təklifləri də daxil olmaqla fərdiləşdirilmiş səyahət təcrübəsi formalaşdırır", - deyə o izah edib.
O vurğulayıb ki, bankın müştəri ilə qarşılıqlı əlaqəsi alış və ya səyahətin planlaşdırılması mərhələsi ilə məhdudlaşmır, səyahət müddətində də real vaxt rejimində davam edir.
"Müştəri, məsələn, Parisə gəldikdə bank onunla real vaxt rejimində əlaqəni davam etdirə və məhz lazım olan anda uyğun təkliflər təqdim edə bilər", - deyə Xuri bildirib.
O, həmçinin bankların müştərilərin statik kateqoriyalar üzrə seqmentləşdirilməsinə əsaslanan ənənəvi yanaşmalarını tənqid edib.
"Bu gün banklar son altı ayın məlumatları əsasında seqmentləşdirmə aparır və müştərini, məsələn, tez-tez səyahət edən və ya gündəlik istehlakçı kimi bir kateqoriyaya daxil etməyə çalışırlar. Lakin bu cür sadələşdirmə işləmir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yeni model sabit seqmentlərdən imtina etməyə və müştərinin davranışını dinamik şəkildə anlamağa imkan verir.
"Vacib olan odur ki, banklar konteksti başa düşsünlər. Yalnız bu halda onlar düzgün anda düzgün hərəkəti və düzgün təklifi təqdim edə bilərlər", - deyə Xuri yekunlaşdırıb.