Bakı. Trend:
Visa yeni Visa Threat Intelligence Platform (VTIP) platformasını istifadəyə verir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Visa Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında Visa-nın CEMEA regionu üzrə prezidenti Tarek Mahmud deyib.
"Bu, müştərilərin rəqəmsal mühitini təhlil etməyə və təhdidləri erkən mərhələdə aşkar etməyə imkan verən sistemdir", - deyə o bildirib.
T.Mahmud qeyd edib ki, rəqəmsal ödənişlər sənayesində dələduzluğun səviyyəsi əhəmiyyətli dərəcədə artır və artıq ənənəvi hesab sındırılması sxemlərini üstələyir.
Onun sözlərinə görə, son illərdə dələduzluğun xarakteri dəyişib. Belə ki, klassik hesab sındırılması hücumlarının əvəzinə sosial mühəndislik və şəxsiyyətin saxtalaşdırılması sxemlərindən daha çox istifadə olunur.
"Yalnız dələduzluq risklərindən danışsaq, sənayemizdə fırıldaqçılığın səviyyəsi əhəmiyyətli dərəcədə artır. Lakin bu, artıq hesabların sındırılması ilə bağlı öyrəşdiyimiz ənənəvi fırıldaqçılıq deyil", - deyə o bildirib.
T.Mahmudun sözlərinə görə, ötən ilin iyun-dekabr aylarında aldatma və şəxsiyyətin saxtalaşdırılması sxemləri ilə bağlı dələduzluğun həcmi təxminən 1 milyard avroya çatıb.
"Biz təxminən 1 milyard avro həcmində scam tipli dələduzluq halları müşahidə etmişik. Bu zaman kimsə özünü başqa şəxs kimi təqdim edir və ya onun şəxsiyyətini mənimsəyir", - deyə o vurğulayıb.
O qeyd edib ki, süni intellektin inkişafı bu cür sxemlərin daha da sürətlə yayılmasına və aşkarlanmasının çətinləşməsinə səbəb ola bilər.
"Süni intellektin meydana çıxması ilə bu daha da asanlaşacaq. Risk mühiti çox sürətlə dəyişir və artıq ənənəvi risk çərçivəsindən kənara çıxıb", - deyə T.Mahmud bildirib.
Onun sözlərinə görə, bu çağırışlara cavab olaraq Visa yalnız ayrı-ayrı əməliyyatların deyil, bütövlükdə ödəniş ekosisteminin qorunmasına yönəlmiş Visa Protect həllər kompleksini inkişaf etdirir.
T.Mahmud bildirib ki, mövcud həllərin əsas problemlərindən biri insidentlərə gec reaksiya verilməsi və təhlil üçün strukturlaşdırılmış məlumatların kifayət qədər olmamasıdır.
"Bir çox müştəri çox ümumi məlumat alır və çox vaxt problem barədə yalnız cinayətkarlar artıq fəaliyyətlərini genişləndirdikdən sonra xəbər tutur", - deyə o bildirib.
O vurğulayıb ki, VTIP reaktiv yanaşmadan proaktiv yanaşmaya keçməyə imkan verir və təhdidləri genişmiqyaslı hal almadan əvvəl aşkar edir.
T.Mahmud əlavə edib ki, bu həllər Visa və onun tərəfdaşlarına sürətlə dəyişən təhdidlər fonunda anomaliyaları daha effektiv müəyyənləşdirməyə və ödəniş infrastrukturunun müdafiəsini gücləndirməyə imkan verir.