Bakı. Trend:
Azərbaycanın elmi tədqiqatların inkişafı üçün əhəmiyyətli potensialı mövcuddur.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı ABŞ-ın George Washington University Corc Vaşinqton Universitetinin qlobal təşəbbüslər üzrə dekan müavini, doktor Sevinc Məmmədova deyib.
"Azərbaycanın böyük potensialı var. Həmkarlarım da bu barədə danışdılar və mən onlarla tam razıyam. Lakin potensialla yanaşı, onun reallaşdırılmasına imkan verəcək konkret addımlar da atılmalıdır. Məhz bu potensialın inkişaf etdirilməsi qarşıdakı onilliklərdə ən vacib vəzifələrdən biri olacaq", - deyə o bildirib.
Məmmədovanın sözlərinə görə, tədqiqat mühitinin inkişafı yalnız mövcud potensialın tanınmasını deyil, həm də onun üzə çıxarılması istiqamətində ardıcıl fəaliyyət tələb edir.
"Əgər hansı mərhələdə olduğumuzu anlayırıqsa, irəliyə doğru hərəkət edə bilərik. Məqsədimiz tədqiqat mühitini inkişaf etdirmək və mərhələli şəkildə daha yüksək səviyyəyə yüksəlməkdir", - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, elmin, xüsusilə də sosial tədqiqatlar sahəsinin inkişafı uzunmüddətli yanaşma və akademik ictimaiyyətin birgə səylərini tələb edir.
"Potensialın inkişafı bizim ümumi vəzifəmizdir. Bu məqsədə nail olmaq üçün ardıcıl iş, əməkdaşlıq və daim irəli getmək istəyi vacibdir", - deyə S.Məmmədova əlavə edib.