Bakı. Trend:
Milli Məclis “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsini ratifikasiya edib.
Trend-in iclasdakı müxbiri xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.
Bildirilib ki, “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb, 14 maddədən və Əlavə Qaydalardan ibarətdir.
Konvensiyanın müddəalarına uyğun olaraq Tərəflər qərargahı Paris şəhərində yerləşən, elmi və daimi Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun birgə maliyyələşdirməklə yaradılmasını və saxlanılmasını öz öhdələrinə götürürlər.
Konvensiyanın müddəalarına əsasən Beynəlxalq Büro Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin müstəsna rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərir.
Konvensiyanın müddəalarına əsasən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun əsas vəzifələri müəyyənləşir və bu Büro ölçmələrin dəqiqliyini artırmaq və qeyd olunan vahidlərin aid olduğu sahələrdə vahidliyi daha yaxşı təmin etmək məqsədilə faydalı ola bilən fiziki sabitlərin müəyyən edilməsinə məsuldur.
Konvensiyanın digər müddəaları beynəlxalq prototiplər, onların nəzarət nüsxələri, saxlanma yerlərinə giriş, Büronun təsisi, qurulması illik xərcləri, Tərəflərin üzərinə düşən məbləğ, elmi avadanlığın təkmilləşməsi, Konvensiyaya qoşulmaq qaydalarını müəyyən edir.
Konvensiyanın tərkib hissəsi olan Əlavə Qaydalar Konvensiya ilə eyni qüvvəyə və təsirə malikdir.
Qaydalarda çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun yerləşdiyi bina, laboratoriya, tərəzilər, müqayisəli cihazlar, geodeziya xətkeşləri, illik maliyyələşdirmə hissələri, Baş Konfransın toplanma şərtləri, Konfrans çərçivəsində səsvermə, Beynəlxalq Komitəyə üzvlük, Büro direktorunun vəzifələri, hesabata dair tələblər və s. məsələlər tənzimlənir.
“Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.