Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.
“Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”.
G.Abbasovanın sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacaq.