Bakı.Trend:
Azərbaycan-Polşa münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşa Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
“Görüşdə Azərbaycan və Polşa arasında münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika yüksək qiymətləndirilib. İkitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün müntəzəm siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb”, – paylaşımda qeyd olunub.
Danışıqlar zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Nazir Ceyhun Bayramov polşalı həmkarını regionun münaqişədən sonrakı inkişafı, Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumatlandırıb.
Nazirlər qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.


