Bakı. Trend:
Aşura günü münasibətilə İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir.
Trend-in tədbirdə olan müxbirinin məlumatına görə, aksiyanın keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda sosial məsuliyyət hissini gücləndirməkdir.
Qanvermə aksiyası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılırlar.
Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.









