İvanovka.Trend:
Ölkədə etiketləşdirilməmiş və sertifikatlaşdırılmamış toxumların ticarət dövriyyəsinə buraxılması qadağandır və bu sahədə dövlət nəzarəti gücləndirilir.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Qeydiyyatı Şöbəsinin müdiri Fikrət Feyziyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sertifikatlı toxumların üzərində yerləşdirilən QR kodlar vasitəsilə fermerlər toxumun mənşəyini və səpin keyfiyyət göstəricilərini izləyə bilirlər.
“Sertifikatlı toxumlar xəstəliklərdən azad, genetik cəhətdən təmiz və keyfiyyəti dövlət tərəfindən təsdiqlənmiş toxumlardır. Bu cür toxumlardan istifadə fermerlərə daha yüksək məhsuldarlıq əldə etmək, təmiz sort və zəmanətli səpin keyfiyyətinə malik əkin materialından yararlanmaq imkanı verir”.
Şöbə müdiri vurğulayıb ki, ötən ildən etibarən 10 hektardan yuxarı buğda və 100 hektardan yuxarı arpa əkinlərində sertifikatlı toxumdan istifadə tələbi tətbiq edilir. Məqsəd ölkədə taxıl istehsalında məhsuldarlığın artırılması və keyfiyyətli toxum istifadəsinin genişləndirilməsidir.
“Toxum sertifikatlaşdırılması prosesi tam rəqəmsallaşdırılıb və toxum bəyanından sertifikatın verilməsinədək bütün mərhələlər elektron qaydada izlənilir. Sertifikatlaşdırma zamanı sahələrdə sort təmizliyi, xəstəliklərə davamlılıq və alaqlanma səviyyəsi dövlət standartlarına uyğun yoxlanılır, tələblərə cavab verməyən sahələr isə prosesdən kənarlaşdırılır”.
F.Feyziyev əlavə edib ki, bu tədbirlər ölkənin keyfiyyətli toxum təminatının gücləndirilməsinə və fermerlərin daha yüksək məhsul əldə etməsinə xidmət edir.