Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv ediləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə “xeyli miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür.
Qanun layihəsində yuxarəda sözügedən bütün müddəaların ləğv edilməsi təklif olunur.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
Layihəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.
Bu inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin Qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.
Qanunlar qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.