Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası həyata keçiriləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yeniden müəyyən edilməsi, torpaq sahələrinin ve ya onların hissələrinin dəyişdirilməsi (dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və diger mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir.
Layihəyə əsasən, torpaq sahələrinin ekvivalent bazar dəyəri konsolidasiya olunan torpaq sahələrinin alqı-satqısı zamanı formalaşan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən ediləcək. Torpaqların konsolidasiyası nəticəsində torpaq sahəsinin bazar qiymətinin artması konsolidasiya olunmuş torpaq sahəsinin mülkiyyətçisi üçün əlavə ödəniş öhdəliyi yaratmayacaq.
Torpaqların konsolidasiyası nəticəsində torpaq mülkiyyətçisinə ayrılan torpaq sahəsinin bazar qiymətinin konsolidasiyadan əvvəl malik olduğu torpaq sahəsinin bazar qiymətindən aşağı olduğu müəyyən edildikdə aradakı fərq torpaq mülkiyyətçisinə kompensasiya şəklində ödəniləcək.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası hazırlanan konsolidasiya layihəsi əsasında həyata keçiriləcək. Konsolidasiya layihəsində aşağıdakılar müəyyən ediləcək:
mövcud torpaq sahələrinin sərhədlərinin, ölçülərinin, yerləşməsinin, bazar qiymətinin, mülkiyyət formasının və onlar üzərində mövcud olan mülkiyyət və digər əşya hüquqlarının təhlil edilməsi; torpaq sahələrinin yeni sərhədləri, ölçüləri və yerləşmə sxeminin torpaq sahəsinin mülkiyyətçiləri ilə razılaşdırılması; torpaq sahələrinin bölünməsi, birləşdirilməsi, dəyişdirilməsi; konsolidasiya olunmuş torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi; suvarma, meliorasiya, yol, enerji, işıqlandırma ve digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklər.Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya tərəfindən qəbul ediləcək. Komissiyanın qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair bölgü sənədi təsdiq olunacaq. Bölgü sənədi konsolidasiya layihəsinin icrası nəticəsində torpaq sahələrinin sərhədlərinə, ölçülərinə, yerləşməsinə, həmin torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarına dair məlumatları, eləcə də torpaq sahələri ilə bağlı digər dəyişikliklər barədə məlumatları özündə ehtiva edəcək və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsi
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı zamanı həmin torpaq sahəsi ilə bilavasitə ümumi sərhədə malik olan torpaq sahələrinin mülkiyyətçiləri həmin torpaq sahəsini eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olacaqlar.
Dövlətin özgəninkiləşdirilmə ehtiyacları halları üçün istisna olmaqla fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.
Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə verəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın. Bu bölgü mümkün olmazsa, torpaq onun üzərində yerləşən təsərrüfatla birlikdə satıla biləcək və vərəsələr öz paylarını pul şəklində ala biləcəklər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasının əhatə etdiyi ərazilərdə yeni formalaşmış torpaq sahələri torpaq mülkiyyətçiləri arasında konsolidasiya layihəsinə uyğun bölüşdürüləcək. Bu zaman aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə yerquruluşu işləri ilə yerdə (naturada) tədqiqat həyata keçiriləcək.