Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan 5,132 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,724 milyard ABŞ dolları və ya 3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları alıcıları siyahısında ilk beşlikdə Böyük Britaniya (3,471 milyard ABŞ dolları), Rusiya (433,7 milyon ABŞ dolları), Türkiyə (306,2 milyon ABŞ dolları), Gürcüstan (229,7 milyon ABŞ dolları) və İsveçrə qərarlaşıb (178,7 milyon ABŞ dolları).
Ümumilikdə isə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon dollar və ya 0,8% azdır.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud 31,6% azalıb.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya 6,9 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır və bu sahə artıq iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, qeyri-neft sektoru ölkənin investisiya cəlbediciliyinin əsas drayveridir.
Nazirin sözlərinə görə, "Azerbaijan Investment Outlook" sessiyasında Azərbaycanın iqtisadi və investisiya imkanları beynəlxalq investorlara təqdim olunub və bu imkanlar milli inkişaf prioritetlərinə əsaslanır.
"Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib", – deyə Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, investisiya baxımından ən perspektivli istiqamətlər qeyri-neft sənayesi, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, nəqliyyat-logistika, turizm, bərpa olunan enerji, maliyyə xidmətləri və rəqəmsallaşma sahələridir.
Nazirin sözlərinə görə, Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, aşağı dövlət borcu, yüksək valyuta ehtiyatları, əlverişli coğrafi mövqeyi və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.
Mikayıl Cabbarov bildirib ki, hökumət qeyri-neft ixracının genişləndirilməsi istiqamətində logistika və nəqliyyat xərclərinə dəstək verir, kredit zəmanəti və faiz subsidiyası mexanizmlərini tətbiq edir, sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə investorlar üçün daha əlverişli biznes mühiti yaradır.
"Azərbaycan öz coğrafi üstünlüklərindən və inkişaf etmiş nəqliyyat-kommunikasiya infrastrukturundan istifadə etməklə Orta Dəhliz üzərində mühüm tranzit və logistika mərkəzinə çevrilib", – deyə nazir vurğulayıb.
O əlavə edib ki, investorlar üçün xüsusi əhəmiyyət daşıyan layihələrdən biri də Ələt Azad İqtisadi Zonasıdır. Burada müasir infrastruktur, rəqabətqabiliyyətli güzəştlər və sabit hüquqi mühit yaradılıb ki, bu da Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyini gücləndirir.
Nazir həmçinin AZƏRTAC-a və İTV-yə müsahibəsində bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasət artıq real nəticələr verir.
"Ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun payı artıq 71,5 faizə çatıb. Təxminən 20 il əvvəl bu göstərici 44 faizdən də aşağı idi. Bu, həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticəsidir", – deyə Mikayıl Cabbarov qeyd edib.
Qeyri-neft iqtisadiyyatının inkişaf perspektivlərini Trend-ə eksklüziv müsahibəsində dəyərləndirən "Oliver Wyman" beynəlxalq konsaltinq şirkətinin Azərbaycan və Mərkəzi Avrasiya üzrə rəhbəri Camal İsmayılov bildirib ki, ölkə artıq iqtisadiyyatın şaxələndirilməsi mərhələsindən yeni inkişaf modelinə keçid edir.
"Artıq 2025-ci ildə qeyri-neft-qaz sektorunun artımı ümumi iqtisadi artımı üstələyib. 2026-cı ildə də qeyri-neft sektorunun 4 faizdən çox böyüməsi gözlənilir. Azərbaycanın ÜDM-ni növbəti on ildə ikiqat artırmaq üçün kifayət qədər resursları, əlverişli coğrafi mövqeyi və institusional potensialı mövcuddur", – deyə o bildirib.
Onun sözlərinə görə, gələcək inkişafın əsas istiqamətləri yüksək əlavə dəyər yaradan neft-kimya sənayesi, enerji və logistika xidmətləri, Orta Dəhliz üzərində logistika və ticarət əməliyyatlarının idarə olunması, turizm və əyləncə sənayesi olmalıdır.
Camal İsmayılov hesab edir ki, Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, regional logistika və ticarət axınlarını idarə edən mərkəzə çevrilməlidir.
"Hazırda Azərbaycan əsasən tranzit gəlirləri əldə edir. Növbəti mərhələ isə logistikanın əlaqələndirilməsi, ticarət analitikası, maliyyələşdirmə və risklərin idarə olunması kimi daha yüksək əlavə dəyər yaradan fəaliyyətlərə keçiddir. Sinqapur və Rotterdam kimi qlobal logistika mərkəzləri də məhz bu model əsasında inkişaf edib", – deyə o vurğulayıb.
Trend-ə müsahibəsində ekspert maliyyə sektorunun inkişafını da iqtisadi transformasiyanın əsas şərtlərindən biri kimi qiymətləndirib.
"Enerji və logistika layihələrinin maliyyələşdirilməsi, ticarət maliyyəsi, regional risklərin idarə olunması və dayanıqlı maliyyələşdirmə sahələrinin inkişafı Azərbaycanın növbəti iqtisadi sıçrayışını təmin edə bilər", – deyə Camal İsmayılov bildirib.
Ekspertin fikrincə, rəqəmsallaşma, süni intellekt əsaslı logistika həlləri, elektron ticarət sənədləri və rəqəmsal platformalar gələcək iqtisadi artımın əsas elementləri olacaq.
O, həmçinin qeyd edib ki, qlobal təchizat zəncirlərinin yenidən formalaşması, Orta Dəhlizin əhəmiyyətinin artması və xidmət ixracının genişlənməsi Azərbaycan üçün yeni imkanlar yaradır.
"Azərbaycan 3.0 modeli xammal ixracından xidmətlər, logistika, ticarətin əlaqələndirilməsi və yüksək əlavə dəyər yaradan fəaliyyətlərə keçidi nəzərdə tutur. Məhz bu model ölkənin uzunmüddətli iqtisadi artımını təmin edə bilər", – deyə Camal İsmayılov əlavə edib.