Bakı.Trend:
“Süleyman Vəzirov” borudüzən gəmisi təmirdən sonra yenidən istismara qaytarılıb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti məlumat yayıb.
“Gəminin təmiri Bakı Gəmiqayırma Zavodunun üzən tərsanəsində və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib.
Təmir çərçivəsində gəminin sualtı və suüstü gövdə hissələri təmizlənərək rənglənib, zədələnmiş polad təbəqələr yenilənib, kinqstonlar və gövdə armaturları yoxlanılıb. Eyni zamanda maşın şöbəsi, yaşayış bloku və göyərtədə yerləşən bir sıra mexanizmlərdə cari təmir işləri aparılıb.
Bundan əlavə, gəmidə müxtəlif texniki avadanlıqlar, dayaqlar, diyircəklər, platformalar, buraz sistemləri və qoruyucu örtüklər təmir olunub, bəzi hissələr yenilənib. Ballast su xəttində yararsız hissələr dəyişdirilib, göyərtə və bucurqadlar təmizlənərək rənglənib, həmçinin taxta döşəmə və bəzi elektrik avadanlıqları bərpa edilib”,- deyə qurumun Mətbuat xidmətindən bildirilib.
ASCO-nun Mətbuat xidmətindən əlavə edilib ki, təmir başa çatdıqdan sonra “Süleyman Vəzirov” dəniz sınaqlarına cəlb olunub:
“Sınaqlar uğurla yekunlaşdıqdan sonra gəmi yenidən istismara verilib.
Qeyd edək ki, “Süleyman Vəzirov” borudüzən gəmisi dənizin 195 metrədək dərinliyində diametri 219-813 mm olan sualtı boru kəmərlərinin döşənməsi üçün nəzərdə tutulub. Uzunluğu 108,3 metr, eni isə 25,6 metr olan gəmi 25 nəfərlik heyətlə istismar edilir”.